3+3 platformasının tez bir zamanda yaradılması mühüm əhəmiyyət kəsb edir- Politoloqbackend

3+3 platformasının tez bir zamanda yaradılması mühüm əhəmiyyət kəsb edir- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin Xarici İşlər Naziri Mövlüd Çavuşoğlu və Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov arasında baş tutan görüş nəinki Cənubi Qafqazda, eyni zamanda dünyada aktiv münaqişə mərhələsində olan və hər iki dövlətin maraqlarının kəsişdiyi bir sıra regionlarda məsələlərin müzakirəsini özündə ehtiva etdi”.

Bu sözləri Türkiyədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu və Rusiya XİN başçısı Sergey Lavrov arasında baş tutmuş görüşü Editor.az-a şərh edərkən politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, sözü gedən görüşdən bir gün öncə Rusiya prezidenti Vladimir Putin canlı yayımda vətəndaşların suallarını cavablandırarkən Qarabağda böhranın davam etdirilməsində heç bir dövlətin maraqlı olmadığını qeyd edib:

“Bu da regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunması istiqamətində önəmli tezis kimi qiymətləndirildi. Türkiyənin Cənubi Qafqazda, Mərkəzi Asiyada, həm də son dövrlər NATO-nun Əfqanıstandan çıxması fonunda Əfqanıstanda da möhkəmlənməsi prosesi gedir. Ümumilikdə, Orta Şərqdən Çinə qədər böyük bir regionda Türkiyənin maraqları günü-gündən artır və Mərkəzi Asiyada olan türkdilli dövlətlərlə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Son günlər Rəcəb Tayyib Ərdoğanın Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə telefon danışığı baş tutub. Həmçinin ötən gün Türkiyənin milli müdafiə naziri Hulusu Akarın Qırğızıstana səfərini də xüsusilə qeyd etmək lazımdır. Ümumilikdə, Qazaxıstan,Türkmənistan Qırğızıstan və Özbəkistanla siyasi-iqtisadi, mədəni, hərbi və digər sahələrdə münasibətlər Türk Şurası konsepsiyası çərçivəsində inkişaf edir. Türkiyə daha çox etnik-milli mənəvi bağlara söykənərək bu ölkələri öz təsir orbitinə salır, iqtisadi prioritetlər və siyasi vizyon formalaşdırır. Bu ölkələr Rusiyanın maraqlarının ənənəvi şəkildə təmsil olunduğu geosiyasi bölgələr olduğu üçün bu məsələdə Türkiyə ilə maraqlar kəsişir. Lakin regionda Türkiyənin varlığı və güc nümayiş etdirməsi Rusiyanı narahat edir. Çünki hər iki dövlətin Liviya, Suriya, Əfqanıstan, Ukrayna və Çində maraqları toqquşur”.

Siyasi analitik bildirib ki, qərbin, xüsusilə də NATO portfelinə daxil olan ölkələrin, ABŞ-ın Türkiyənin regional gücündən, hərbi qüdrətindən, iqtisadi potensialından Rusiyaya qarşı istifadə etməsi ilə bağlı proqnozlar var və bu proqnozlar Rusiyanın təmsil olunduğu regionlarda maraqlarının sıxışdırılıb çıxarılması ilə xarakterizə olunur.

İlyas Hüseynov qeyd edib ki, Türkiyənin Xarici İşlər Naziri Mövlüd Çavuşoğlu və Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov arasında baş tutan görüşün gündəliyində yer tutan postmüharibə dövründə Azərbaycan- Ermənistan məsələlərinin müzakirəsi bizi maraqlandıran əsas məqamlardan idi:

“Ermənistanın uzun illər işğalçılıq siyasəti nəticəsində Azərbaycan- Ermənistan sərhədləri müəyyən edilməmişdi. Yalnız SSRİ dönəmində inzibati sərhədlər mövcud olub. Postmüharibə dövründə yeni geosiyasi reallıqlar fonunda sərhədlərin delimitasiyası və demakrasiyası mühüm əhəmiyyət kəsb edir. Bu hüquqi-siyasi müstəvi ilə yanaşı, həm də gələcək iqtisadi prioritetləri inkişafı və bölgənin nəqliyyat- kommunikasiya xətlərinin formalaşdırılması üçün vacibdir”.

Siyasi şərhçi bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü 3+3 platformasının yaradılması artıq Rusiya tərəfindən də dəstəklənir:

“Bu platformada Rusiya və Gürcüstanın hansı formada əməkdaşlıq edəcəyi müəyyən suallar doğursa da, artıq Gürcüstanda bu platformaya müsbət yanaşır. Eyni zamanda, Cənubi Qafqaz dövlətləri, Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Rusiya və Türkiyə ilə birlikdə əməkdaşlığın davam etdirilməsi, sülhün dayanıqlığının artırılması, iqtisadi mənfəətə əsaslanan əməkdaşlığın qurulması istiqamətində bu platformanın tez bir zamanda həyata keçirilməsi önəmlidir. Zəngəzur dəhlizinin də istifadəyə verilməsi ilə iqtisadi-ticari münasibətlərə yeni bir nəfəs gələcək, rəqəmlərdə dinamizm müşahidə olunacaq”.

İlyas Hüseynovun sözlərinə görə, Ağdamda Mərzili kəndi yaxınlığında fəaliyyət göstərən Rusiya -Türkiyə Birgə Monitorinq Mərkəzi sülhün qorunması istiqamətində havadan, qurudan müşahidəni həyata keçirir və bu monitorinq mərkəzinin də fəaliyyəti Rusiya-Türkiyə əməkdaşlığının Qafqazda təzahürüdür:

” Mövlüd Cavuşoğlu və Sergey Lavrov arasında baş tutan görüş Rusiya- Türkiyə əməkdaşlığının davam etdirilməsi istiqamətində atılmış addımdır və bir sıra narahatlıq doğuran məsələlərə də bu görüşdə aydınlıq gətirildi. Düşünürəm ki, baş tutmuş bu görüş yaxın zamanda uğurlu proyektlərin həyata keçirilməsi ilə nəticələnəcək”.

//Gülnarə Abasova, Editor.az