“3 min ver, hər şey mənlikdir” – saxtakarlar “Qarabağ” adından necə istifadə edir?backend

“3 min ver, hər şey mənlikdir” – saxtakarlar “Qarabağ” adından necə istifadə edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron yarım­­­­adasında əhalinin mədən ərazilərində məskunlaşması günü-gündən artır. Son dövrlər Buzovna və Maştağada Hacı Zeynalabdin Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) 3 saylı mədən ərazisində sürətli tikinti işləri həyata keçirilir. Halbuki bu cür sahələrdə yaşamaq insan həyatı üçün bir sıra təhlükələr yaradır. Əvvəla, intensiv neft çıxarılan ərazilərdə radiasiya fonu normadan dəfələrlə yüksək olur və belə yerlərdə uzun müddət yaşamaq xərçəng xəstəliyinin yaranma riskini artırır. Bundan başqa, mədən ərazilərində hər an partlayışlar baş verə bilər ki, bu da neft quyularının bir neçə metrliyində yaşayan insanların həyatı üçün təhlükə yaradır. Bütün bunlar nəzərə alınaraq mədən ərazilərində məskunlaşma qanunla qadağan edilib.

“Report” xəbər verir ki, vətəndaşların bu ərazilərdə məskunlaşmasının əsas səbəbkarı isə mədən ərazilərini oğurlayan quldur makler şəbəkələridir. Onlar öz səlahiyyətlərindən sui-istifadə edən bəzi məmurlardan dəstək alaraq mədən ərazilərini zəbt edib gecələr gizli şəkildə ev tikib satmaqla məşğul olurlar. Vətəndaşlar ilkin vaxtlarda bu cür ərazidə yaşamağın fəsadlarını dərk etmirlər. Lakin sonradan bir çoxları bu cür təhlükəli, normal yaşayış üçün heç bir şəraiti olmayan, üfunət qoxulu ərazilərdə məskunlaşdıqları üçün peşman olduqlarını bildirirlər.

Araşdırmalarımız zamanı məlum olub ki, mədən ərazilərinin zəbt olunmasına qarşı əsas mübarizəni SOCAR-ın Təhlükəsizlik İdarəsinin və “Etalon Securty” MMC-nin əməkdaşları aparır. Hətta qanunsuz tikinti işləri aparan şəxslərlə mühafizəçilər arasında bir neçə dəfə qarşıdurma da yaranıb. İşbazlar tikinti işlərini başa çatdırmaq üçün hər cür yola əl atırlar. Onlar ya süni qarşıdurma yaratmaqla mühafizəçilərin tikintiyə müdaxilə etməsinə imkan vermirlər, ya da özünü müharibə əlili, müharibə veteranı kimi təqdim edən saxtakarların “xidmətlərindən” istifadə edirlər. Bu cür “xidmətlər” təklif edənlərdən biri də birinci qrup əlil İlkin Quliyevdir. O, indiyə kimi hay-küy salaraq, qalmaqal yaradaraq bir sıra qanunsuz tikintilərin başa çatdırılmasına nail olub. Deyilənə görə, bunun müqabilində o, tikinti sahibindən 2-3 min manat pul alır, qarşılığında isə tikintinin başa çatdırılacağına, heç kimin müdaxilə etməyəcəyinə – bir sözlə, “hər şey mənlikdir” deyə söz verir.

Müharibə görməyən “müharibə əlili”

Məsələn, 2020-ci ilin fevral ayında Buzovna-Maştağa yolunun sol tərəfində, “Bakı” kafesinin arxasında mədən ərazisini zəbt edən makler kimi fəaliyyət göstərən Ruslan adlı şəxsin qanunsuz tikinti işləri apardığı aşkarlanıb və sökülüb. Bundan sonra həmin işi qanunsuz tikintilər üzrə “stajlı” maklerlərdən olan Azər Cəbrayılov öz üzərinə götürüb. Lakin onun da qanunsuz tikinti işləri mühafizəçilər tərəfindən aşkarlanaraq sökülüb.

 

Birinci qrup əlil İlkin Quliyev

Birinci qrup əlil İlkin Quliyev

 

Bir neçə həftə sonra isə həmin ərazidə tikinti işlərinə yenidən start verildiyi müəyyənləşdirilib. Bu dəfə özünü Qarabağ müharibəsi əlili kimi təqdim edən İlkin Quliyevin tikintiyə rəhbərlik etdiyi məlum olub. “Aprel döyüşləri”ndə iştirak etdiyini deyən İlkin Quliyev müharibə əlili olduğunu, buna görə də qanunsuz tikintiyə göz yumulmasını tələb edib. Lakin ona mədən ərazisində tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyi bildirilib və tikinti işlərinin dayandırılması tələb olunub. Bu zaman o əvvəlcədən hazırladığı “şousuna” start verib. İlkin Quliyev qəflətən əlinə yanacaqla dolu plastik butulka alaraq sahə müvəkkilini və mühafizəçiləri özünü yandıracağı ilə hədələyib. Açıq-aşkar görünür ki, intihar şousunu əvvəlcədən planlaşdıran İlkin Quliyev butulkaya yanacaq dolduraraq yanında hazır saxlayıb ki, müharibə əlili olması ilə bağlı yalanları işə yaramasa, bu varianta əl atar. Onun bu taktikası işə yarayır və zəbt edilən ərazi İlkin Quliyevin intihar hədə-qorxusu ilə başa çatdırılıraq dam örtüyü vurulub, ev hazırda satışa çıxarılıb.

 

10.04.2020-ci il tarixində H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində İlkin Quliyev tərəfindən tikintisi başa çatdırılan yaşayış evi

10.04.2020-ci il tarixində H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində İlkin Quliyev tərəfindən tikintisi başa çatdırılan yaşayış evi

 

Bir neçə gün öncə isə İlkin Quliyev yenidən H.Z.Tağıyev adına NQÇİ-nin keçmiş neftyığma məntəqəsinin ərazisində boş torpaq sahəsini zəbt etməyə cəhd göstərib. Təxminən 15 sot torpaq sahəsini hasara aldıran İlkin Quliyev bu dəfə də özünə ev tikəcəyini bildirib. Maraqlıdır, İlkin Quliyev özünə neçə ev tikməlidir ki, mədən ərazisini zəbt etməkdən əl çəksin?! Lakin araşdırma zamanı məlum olub ki, əslində tikinti sahibi Firuz adlı şəxsdir. Sadəcə yenə də pul müqabilində İlkin Quliyevin “xidmətlərindən” istifadə olunur. O gah “Aprel döyüşləri” zamanı Lələtəpəyə bayraq sancdığını, gah Milli Qəhrəman Mübariz İbrahimovun nəşini gətirdiyini deyərək gördüyü qanunsuz əməllərə haqq qazandırmağa çalışır.

 

İlkin Quliyev zəbt etməyə çalışdığı H.Z.Tağıyev adına NQÇİ-nin keçmiş neftyığma məntəqəsinin ərazisi

İlkin Quliyev zəbt etməyə çalışdığı H.Z.Tağıyev adına NQÇİ-nin keçmiş neftyığma məntəqəsinin ərazisi

 

İlkinin yalanlarını Müdafiə Nazirliyi də ifşa edib

İnternet üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, sən demə İlkin Quliyev heç bir döyüşdə iştirak etməyib, 2007-ci ildə hərbi xidmətə çağırılıb və cəmi 4 ay hərbi hissədə olub. Onun yalanları barədə Müdafiə Nazirliyi 2014-cü ildə açıqlama da verib. 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması ilə bağlı tapşırığı icra edən hərbiçilərdən biri olması ilə bağlı yalan iddiasına gəlincə isə, onun xidmət etdiyi dövrlə Mübariz İbrahimovun şəhid olması hadisəsi arasında 3 il zaman fərqini görməmək mümkün deyil. Üstəlik, 2014-cü ildə müxtəlif mətbuat orqanlarında İlkin Quliyevin xəstəliyi ilə əlaqədar müalicəyə ehtiyacının olduğu yazılıb. Belə bir şəxsin 2016-cı ildə Aprel döyülərində iştirak etməsi də mümkün deyil.

 

İlkin Quliyev qanunsuz tikinti işlərinə havadarlıq edərkən

İlkin Quliyev qanunsuz tikinti işlərinə havadarlıq edərkən

 

Saxtakarlar “Qarabağ” adından istifadə edir

Araşdırmalar onu deməyə əsas verir ki, bəzi şəxslər Qarabağ müharibəsi əlili adından istifadə edərək neft kəmərlərinin mühafizə zonasında, mədən ərazilərində pul müqabilində qanunsuz tikinti işlərinə havadarlıq edirlər. SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tikinti işlərini aşkarlayıb onun qarşısını almağa çalışanda isə münaqişə yaradıb, “Qarabağ əlillərinə qarşı hörmətsizlik edilir” görüntüsü yaratmağa çalışırlar. Halbuki Qarabağ müharibəsində ön cəbhədə olan 2 mindən çox qazimiz hazırda SOCAR-da çalışır. Onlardan biri də “Aprel döyüşləri”ndə düşmənin üzərinə şığıyan Elvin Orucovdur. (www.facebook.com/133540006747668/posts/2666675236767453/ )

İlkin Quliyev kimi şəxslər isə Azərbaycan cəmiyyətində, eləcə də SOCAR-da Qarabağ qazilərinə böyük ehtiram, hörmət göstərildiyini bildikləri üçün bu addan istifadə edib qanunsuz tikinti işlərini başa çatdırmaq istəyirlər.

Ən böyük günahkar kimdir?

Təbii ki, mədən ərazilərində, neft kəmərlərinin mühafizə zonasında minlərlə evin tikilməsinin əsas səbəbkarı İlkin Quliyev və onun kimi ehtiyac üzündən bu yola əl atan şəxslər deyil. Əsas günahkarlar bu şəxsləri önə sürüb özləri gizlənənlərdir. Uzun illərdir ki, əksər icra hakimiyyətlərində, bələdiyyələrdə və rayon polis idarələrində neft ərazilərinə qazanc yeri kimi baxılır. Bəzi məmurlar rüşvət alıb qanunsuz tikinti işlərinə göz yumurlar. Hamı bilir ki, heç kim icazəsiz daşı-daş üstə qoya bilməz, dərhal həmin tikintinin qarşısı alınır, bəs bu qədər qanunsuz tikintini onlar necə olub ki, görməyiblər?! Onların yarıtmaz fəaliyyətinin əziyyətini indi bu ərazilərdə məskunlaşan insanlar və neft sənayesinin işçiləri çəkir.