“300 milyard dollar ələ keçirilərsə, Rusiya cavab verəcək”-Peskovbackend

“300 milyard dollar ələ keçirilərsə, Rusiya cavab verəcək”-Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qərbin Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyard dollarlıq ehtiyatlarını müsadirə edəcəyi təqdirdə ABŞ və Avropa ölkələrinə qarşı oxşar addım atacağını açıqlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiyanın qisas almaq üçün ələ keçirə biləcəyi Qərb aktivlərinin siyahısı var.

Bildirilir ki, G7 ölkələri fevralda bir araya gələcək və Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulmasını mümkün edəcək yeni hüquq nəzəriyyəsini müzakirə edəcək.

Qərbin belə bir addımının oğurluq mənasına gəldiyini deyən Peskov bunun ehtiyat valyutalara, qlobal maliyyə sisteminə və dünya iqtisadiyyatına zərər verəcəyi ilə bağlı xəbərdarlıq edib: “Bu, beynəlxalq iqtisadiyyatın əsas parametrlərinə ciddi zərbə olacaq, beynəlxalq iqtisadiyyatı sarsıdacaq. Həmçinin digər ölkələrin ABŞ və Aİ-yə iqtisadi qarant kimi inamını sarsıdacaq. Ona görə də bu cür hərəkətlər çox, çox ağır nəticələrə gətirib çıxaracaq”,- deyə Peskov bildirib.

Rusiyanın cavab tədbiri olaraq ələ keçirə biləcəyi Qərb aktivlərinin konkret siyahısı olub-olmaması ilə bağlı suala Peskov “bəli” cavabını verib, lakin siyahıda nələr olduğunu açıqlamayıb.

Qeyd edək ki, Moskvanın Ukrayna müharibəsinə başlamasından sonra ABŞ və müttəfiqləri Rusiyanın Mərkəzi Bankı və Maliyyə Nazirliyi ilə əməliyyatları qadağan edərək, Rusiyanın Qərbdəki təxminən 300 milyard dollarlıq aktivini dondurub.

Üç mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, Birləşmiş Ştatlar və Britaniya son aylarda Belçika və digər Avropa şəhərlərində yerləşən Rusiya aktivlərinin ələ keçirilməsi səylərini gücləndirmək üçün çalışıb. Fevralda Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümündə keçiriləcək G7 sammitində bu istiqamətdə daha sərt bəyanatın verilməsi planlaşdırılır.

Mənbələrin sözlərinə görə, bir çox ölkələr bu cür əməliyyatlar üçün lazımi səlahiyyətlərin yaradılması üçün hüquqi dəyişikliklərə ehtiyac duyacaqlar.

//Səbinə Hüseynli, Editor.az