Editor.az Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanla müsahibəsini təqdim edir:
-Sədrəddin bəy, İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün Qəzza zolağına daxil olub. Bu məsələdə yəni Qəzza zolağına daxil olduğu andan İranın Fələstinə dəstək verəcəyi ilə bağlı xəbərlər də az deyil. İsrailin bu addımını necə dəyərləndirirsiniz?
-Daha əvvəl İsrail tankları Qəzzanın Şimal bölgələrində reyd keçiriblər. Bu onu göstərir ki, İsrail tədricən reyd keçirməklə, vəziyyəti dəyərləndirərək Qəzza zolağındakı ümumi hərbi atmosferi, yaxud da beynəlxalq ictimaiyyətin bu məsələyə yanaşmasını bilmək istəyir. Burada iki məsələyə diqqət çəkmək lazımdır. Birincisi, Fələstin dövlətini BMT-nin 193 üzv ölkəsindən 138-i tanıyır. İsrail ordusunun Qəzza zolağına daxil olması Fələstinin ərazi bütövlüyünün pozulması kimi də dəyərləndirilə bilər. İkincisi, İsrail Fələstini müstəqil dövlət kimi tanımır. Onu muxtar qurum kimi bilir. Bunun üçün də öz ərazisində antiterror əməliyyatı aparırmış kimi reydlər keçirir.
-Mövcud münaqişədə ABŞ-ın İsrailə dəstək verməsinin, hətta öz hərbiçilərini də yardım məqsədilə bölgəyə göndərdiyinin şahidi oluruq. Bir tərəfdən İranın digər tərəfdən də Amerikanın fəallığı bu iki ölkə arasında tezliklə hər hansı irihəcmli münaqişənin baş verməsini labüd edir?
-Müxtəlif proksi qüvvələrlə İran və ABŞ arasında mübarizə gedir. Məsələn İraqda, Suriyada ABŞ hərbi bazalarına, hərbiçilərinə hücum, Amerikanın da İranın hərbi bazalarına cavab atəşinin verməsinin şahidi oluruq. Hətta İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) xaricdə fəaliyyət göstərən Qüds qolunun komandiri general Qasım Süleymaninin 2020-ci ilin yanvarında ABŞ tərəfindən öldürülməsi sübut edir ki, Amerika İranın xarici ölkələrdəki hərbi fəaliyyətini daimi izləyir və məqamı yetişdikcə zərbələr endirir. Bunlar arasında qarşıdurma üçüncü ölkə ərazisində davam edir. İki tərəf arasında siyasi, ictimai və mədəni istiqamətdə belə qarşıdurmalar var. İranın ABŞ-a, yaxud da ABŞ-ın İrana birbaşa müdaxilə etməsi indiki şəraitdə o qədər də real görünmür. Amerikanın rəsmi Tehran ərazisinə hücumun baş tutması üçün elə də ciddi əsas yoxdur. Yaxud da Amerika ərazisinə İranın hücum etməyə hərbi texnikası və gücü çata bilməz. Sadəcə müxtəlif terror aktları həyata keçirə bilər ki, bunun da adekvat cavabı veriləcək.
-İki tərəf bir-birilə birbaşa münaqişəyə girməyəcəksə, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian, eləcə də Amerika Prezidenti Cozef Bayden və ya digər rəsmilər nə üçün açıqlamalarında təhdid xarakterli ifadələrə yol verir və münaqişəyə daxil olacaqları ilə bağlı hədələr səsləndirirlər?
-İran və ABŞ rəsmilərinin açıqlamalarından belə görünür ki, hər iki tərəf daha çox üçüncü ölkə ərazisində yerləşən proksi qüvvələri vasitəsilə bir-birinə təsir etməyə çalışır. Bunun ən bariz nümunəsi Qəzza zolağında HƏMAS-ın İsrailə qarşı müharibəsidir. Çünki HƏMAS-ı Tehranla yanaşı başqa qüvvələr də dəstəkləyir, amma onun əsas sponsoru İran sayılır. Buna görə də ABŞ HƏMAS, Hizbullah, İraq ərazisindəki Həşdi Şabiyə Suriyadakı Bəşər Əsəd hərbiçilərinə, İran hərbi qüvvələrinə, Yəməndəki Husilərə və s. qüvvələrə zərbə endirə bilər. Bu zərbələr əslində indi də endirilməkdədir. İran buna uyğun addımlar atsa da, Amerikanın zərbələrinin daha güclü və sərt olduğu qeyd edilir. Bir daha qeyd edim ki, İrana qarşı birbaşa hücumun baş tutacağı gözlənilmir. Digər tərəfdən İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) beynəlxalq ictimaiyyət tərəfindən terrorçu kimi tanınmır. Doğrudur, ABŞ və İsrail SEPAH-ı terrorçu təşkilat kimi tanıyıb. Əgər beynəlxalq ictimaiyyətdə eyni aspektdən çıxış edərsə, bu zaman ABŞ-ın İranda anti-terror əməliyyatı keçirməsi üçün əlində əsas ola bilər.
-Sədrəddin bəy, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri açıqlamasında qeyd edib ki, İsrailin digər ölkələr tərəfindən dəstəklənməsi münaqişəyə yeni oyunçuların qoşulmasına səbəb ola bilər. Maraqlıdır, bu münaqişədə maraqlı tərəflər kimlərdir?
-Heç bir yeni oyunçu yoxdur, bu blefdir. Regionda əvvəlki oyunçular fəaliyyətini davam etdirir. İsrailin havadarları onu, HƏMAS-ın havadarları da onu dəstəkləyir. Regiona digər oyunçular kimi hansı ölkə qoşula bilər? Amerika, Kanada, Böyük Britaniya, Fransa, Almaniya var. Bu ölkələr həmişəki kimi bu gündə regionda maraqlarını müdafiə edir. HƏMAS tərəfdə Rusiya, İran və Şimali Koreya var. Bunlar da ənənəvi olaraq Qərb blokuna qarşı olduqları üçün HƏMAS-İsrail münaqişəsinin davam etməsini istəyirlər. Yeni qüvvənin gəlməsi imkansızdır. Köhnə qüvvələr yeni münaqişədə bir-birinə qarşı proksi müharibəni davam etdirəcəklər. Amerika, Böyük Britaniya, Almaniya və Fransanın rəsmiləri, ölkə başçıları İsraildə səfərdə olub. Bu açıq şəkildə İsrailə dəstək deməkdir. Amma hələki HƏMAS ərazisinə keçib onu müdafiə edən nə İran , nə Çin, nə də Rusiya rəsmisi var. Onlar bu münaqişədə birbaşa iştirakının olmadığını qeyd edirlər. Çünki həmin ölkələrin birbaşa iştirakı İsrail ərazisinə müdaxilə kimi qiymətləndirilə bilər. Bu da müstəqil dövlətin ərazi bütövlüyünün pozulmasıdır. Belə olduğu halda həmin ölkələrə qarşı müxtəlif sanksiyalar belə tətbiq oluna bilər.
//Safura Bənnayeva, Editor.az

