“Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam günümüzün yeni reallıqlarına tam uyğun şəkildə səciyyələnir”.
Bu sözləri Editor.az-a növbədənkənar prezident seçkiləri ilə bağlı danışarkən Trend BİA-nın direktor müavini, politoloq Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi zəfəri, sonrakı dövrlərdə isə diplomatik və siyasi cəbhələrdə Azərbaycan dövlətinin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində və bunların ardı olaraq sentyabr ayında bir gün davam edən antiterror tədbirləri ilə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi:
“Biz bölgədə yaratdığımız yeni reallıqları təsdiqlədik və bütün dünyaya Azərbaycanın bölgədə sülh və təhlükəsizlik üçün ciddi addımlar atdığını sübut etdik.
Yeni reallıqlara uyğun olaraq ölkəmizdə də islahatlar keçirilir. Ölkəmizdə baş tutacaq növbədənkənar prezident seçkilərindən sonra Azərbaycanda yeni islahatlar dövrünün təməli qoyulacaq. Bu yüksək səviyyədə qiymətləndiriləcək prosesdir. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandanın Qarabağ zəfəri, onun rəhbərliyi ilə Azərbaycan suverenliyinin tam bərpa olunması özlüyündə növbədənkənar prezident seçkilərinin keçirilməsini ehtiva edir.
Biz tam əminliklə söyləyə bilərik ki, xalq birmənalı olaraq yekdilliklə cənab İlham Əliyevə səs verəcək. Çünki Azərbaycanın dünəni, bu günü və gələcəyi birbaşa olaraq İlham Əliyevin siyasəti ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uzun müddət davam etməsi nəticəsində biz bu gün İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurlara addım atmışıq. Azərbaycan bölgədə əvəzedilməz tərəfdaşa çevrilib”.
//Səbinə Hüseynli, Editor.az

