“31 dekabrın bizim üçün ayrıca bir özəlliyi var. Düzdür, dünyada və ölkəmizdə bu gün Yeni ilin gəlişi münasibəti ilə bayram olaraq qeyd edilir. Ancaq bizdə 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixə düşüb. Bildiyiniz kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Əlbəttə bu günün təsis edilməsi heç də təsadüfi olmayıb. Sovet imperiyası süqut etdikdən sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə doğru yürüş etməsi, uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvoludur”.
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Həmrəylik gününün təsis ediməsi, dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində atılan addımlar, xalqın birləşməsinə və ideoloji həmrəyliyə bir təkan idi. Ulu Öndər dünya azərbaycanlılarının təşkilatlanması işini həmişə diqqətdə saxlayırdı. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Harada yaşamasından və harada olmasından asılı olmayaraq “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilmişdir. Əlbəttə Ulu Öndərimiz tərəfindən həyata keçirilən bu siyasət Prezident İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirilmişdir. Cənab Prezident xarici ölkələrə səfəri zamanı diaspor nümayəndələri ilə görüşür. Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulayıb. Bu gün dünya azərbaycanlıları qalib bir xalqın nümayəndələri olaraq dünyada vətənini təmsil edir. Onların qalib və suveren bir dövləti var. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu baxımdan dünyanın müxtəlif yerlərində yaşayan həmvətənlərimiz daim ölkəmizlə sıx əlaqədə olmalı, əsasən də övladlarına, gənc nəslə Azərbaycan dövlətçiliyini, tarixini təbliğ etməlidir”.

