31 oktyabrda baş tutacaq üçtərəfli kritik görüş: Nələr gözlənilir?- AÇIQLAMAbackend

31 oktyabrda baş tutacaq üçtərəfli kritik görüş: Nələr gözlənilir?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“31 oktyabr 2022-ci il tarixində Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçiriləcək görüş zaman və məkan baxımından çox kritik və önəmlidir. Artıq tərəflər sülh müqaviləsini imzalamağa çox yaxındırlar.Önəmli məsələlərdən biri sülh müqaviləsinin harada və kimin vasitəçiliyi ilə imzalanmasıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, son günlər rus televiziya və xəbər saytlarında Azərbaycanın da haqlı narazılığına səbəb olan bir sıra proqramlar və məqalələr yayımlandı:

“Ruslar iddia edirlər ki, Azərbaycan və Ermənistan arasında imzalanması ehtimal edilən “Böyük müqavilə” konfidensial olaraq ABŞ-ın vasitəçiliyi ilə hazırlanır və Rusiyanın Cənubi Qafqazdan qovulmasına hesablanıb. Azərbaycan Rusiyanın bu provokativ mövqeyinə rəsmi və qeyri-rəsmi kanallarla öz etirazını sərt şəkildə bildirdi. Eyni zamanda, Ermənistan hökuməti də, K.Zatulin, M.Simonyan kimi bəzi şəxsləri, Ermənistanda radikal qüvvələri qızışdırmaq səbəbindən persona-non qrata elan etdi və ölkəyə girişlərinə qadağa qoydu. Bir həqiqət də var ki, Cənubi Qafqazda Rusiyanın zəifləməsindən istifadə edən İran Ermənistan üzərindən bu regionda təsir zonası yaratmağa çalışır ki, bu da əslində Ermənistanın maraqlarına ziddir. İran,hər nə qədər Qafanda konsulluq açsa da cənubi Qafqaz ölkələrinin müstəqilliyinə müdaxilə etmək iqtidarında deyil”.

Politoloqun sözlərinə görə, son hadisələr göstərdi ki, Rusiya oyundan kənar duruma düşdükdə və hadisələrə müdaxilə imkanları tükəndikdə dövriyyəyə İranın girməsinə çalışır ki, bu da təkcə Azərbaycanın deyil, eyni zamanda, Ermənistanın da maraqlarına ziddir:

“Tarixən Cənubi Qafqaza təhlükə ya İrandan,ya da Rusiyadan gəlib. Ermənistanın hazırkı rəhbərliyi siyasi iradə göstərə bilsə, daxildəki revanşist qüvvələri zərərsizləşdirə bilsə, Cənubi Qafqazda uzunmüddətli və davamlı sülhə nail olmaq olar. Beləliklə,Soçidə keçiriləcək üçtərəfli görüşdə yekun sənədin, hansısa sülh müqaviləsinin imzalanacağı real görünmür. Ola bilsin ki,delimitasiya və kommunikasiya ilə bağlı müəyyən sənədlər imzalansın”.

//Gülnarə Abasova, Editor.az