“Sağlam qidalanma məsələsi bir qədər mürəkkəbləşib” – MÜSAHİBƏbackend

“Sağlam qidalanma məsələsi bir qədər mürəkkəbləşib” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova ilə olan müsahibəsini təqdim edir:

Sağlam qidalanma ilə bağlı son illər hansı işlər görülür, qida təhlükəsizliyinə nəzarət məsələsində təkmilləşdirmələr aparılır ?

-Müasir dünyada daha çox biznes maraqlarına uyğun şəkildə hazırlanan, istehsal olunan qidalar daha çox insanların rahatlığı üçün düşünülür. Bu baxımdan sağlam qidalanma məsələsi bir qədər mürəkkəbləşib. Baxmayaraq ki, sağlam qidalanma ilə bağlı müəyyən işlər görülür, insanların maariflənməsi üçün tədbirlər keçirilsə də son illər artan xəstəliklər və bu xəstəliklərin cavanlaşması sağlam qidalanmanın səviyyəsinin az olduğunun göstəricisidir. Eyni zamanda öncəki illərə nisbətlə zərərli qidaların daha da artması qida təhlükəsizliyinə yetəri qədər nəzarətin olmamasının göstəricisidir.

Yaxşı olar ki, ictimai iaşə müəssisələri öncədən sanitar-gigiyena qaydalarına, qida təhlükəsizliyi normalarına və əhalinin sağlamlığının qorunması istiqamətində bütün normalara cavab verəcək şəkildə fəaliyyət göstərsinlər”.

-Sağlam qidalanmaq üçün hansı məhsullardan uzaq durmaq lazımdır ?

“Sağlam və uzunömürlü olmaq üçün rəf ömrü uzun olan paketlənmiş qidalar, işlənmiş ət məsulları, qazlı və rəngli içkilərdən uzaq durmaq lazımdır. Çünki bu kimi qidalarda insanın sağlamlığına zərər vura biləcək bir çox kimyəvi qatqı maddələrindən istifadə olunur. Hansı ki, bu maddələr birbaşa sağlamlığa zərbə vuraraq xəstəliklərin yaranmasına və immun sisteminin aşağı düşməsinə səbəb olur.
Eyni zamanda, sağlam qidalanmaq üçün mənşəyi bəlli olan yerdən və mümkün qədər təzə hazırlanmış qidalardan istifadə olunmalıdır”.

-Balanslı qidalanma dedikdə nə nəzərdə tutulur ?

-Balanslı qidalanma insanın ona verilən həyatını enerjili, səmərəli və uyğun şəkildə yaşaya bilməsi üçün gün ərzində düzgün qidalanmasıdır. Bu qidalanma zamanı orqanizm ət və süd məsulları, paxlalılar, vitamin və minerallarla zəngin olan meyvə-tərəvəzlərdən gün ərzində yetərli qədər qəbul etməlidir. Yəni, insanın sağlam olması üçün gün ərzində 70-ə qədər makro və mikro elementin qəbul edilməsi vacibdir.
Hər insan günlük enerjisini yaşına, boyuna, bədən çəkisinə, fiziki aktivliyinə görə bu miqdar fərqli olur. Günlük enerji üçün həm yağlar, həm zülallar, həm karbohidratlar, həm vitamin və minerallar, həm də yetərli su miqdarının qəbuluna fikir vermək vacibdir. Lakin bunlar az və ya çox olaraq qəbul olunarsa, balanslı qidalanma pozulacaqdır. Bu isə zamanla daxili orqanların fəaliyyətinin pozulması və müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb olur.

-Gün ərzində enerjili olmaq üçün hansı qidalara üstünlük verilməlidir ?

-Birinci növbədə yuxu rejiminə mütləq şəkildə diqqət edilməlidir. Yuxu rejimi hormonal balansın normal olmasına xidmət edir. Bu insanın özünü enerjili hiss etməsində rol oynayan əsas amillərdən biridir. Səhər erkən oyanmaq, günə su ilə başlamaq, daha sonra isə səhər yeməyində yumurta, süd məsullarından istifadə etmək lazımdır. Həmçinin karbohidratı daha faydalı olan tam buğda unundan və yaxud paxlalılardan hazırlanmış bir dilim çörək şəklində qəbul etmək məqsədəuyğundur. Mütləq şəkildə qidalanma zamanı mövsümi meyvə-tərəvəzlərin qəbuluna da diqqət yetirilməlidir”.

-Sağlam qidalanma ilə bağlı hansı təbliğat işləri aparılır ?

“Bu istiqamətdə Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyi, Azərbaycan Gənclər Fondu və digər bu kimi qurumlar ictimai təşkilatlara müəyyən dəstək göstərərək, həmin təşkilatlarda olan mütəxəssislər məktəb və universitetlərdə təbliğat və maarifləndirmə işləri aparırlar. Eyni zamanda təlimlər keçirilir və gənclər bu təlimlərə ödənişsiz şəkildə cəlb edilir”.

//Səbinə Hüseynli, Editor.az