Yaxın 5 il ərzində ölkədə mühüm hadisə baş verəcək- Sahibkarlar üçün ŞAD XƏBƏRbackend

Yaxın 5 il ərzində ölkədə mühüm hadisə baş verəcək- Sahibkarlar üçün ŞAD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

İyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Qırğız Respublikası arasında imzalanmış sazişlərin təsdiqlənməsinə dair sənəd imzalayıb.

Belə ki, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş” təsdiq edilib.

Bundan əlavə həmin tarixdə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiqlənib.

Ümumiyyətlə, Azərbaycan və Qırğızıstan münasibətləri   qədim  tarixə  malikdir. Belə  ki, azərbaycanlılar    və qırğızlar   eyni  kökə, mədəniyyətə, qədim  tarixi  münasibətlərə  və  ənənələrə  malikdirlər. Əlavə olaraq hazırda Qırğızıstanda 20 minə yaxın azərbaycanlının yaşadığı və  Qırğızıstanın   ictimai-siyasi  həyatında yaxından  iştirak etdiyi ilə bağlı məlumatlar da mövcuddur.

Bu səbəbdən iki ölkə arasında imzalanan sözügedən saziş də olduqca böyük əhəmiyyət kəsb edir.

Maraqlıdır, sazişlər iki ölkə üçün nə vəd edir?

Mövzu ilə bağlı Editor.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, Azərbaycan bir sıra mərkəzi Asiya ölkələri ilə investisiya fondları yaradıb:

“Azərbaycan-Qırğız İnkişaf Fondu bilavasitə ölkələr arasında qarşılıqlı əməkdaşlığın daha da inkişafına xidmət edən fond olacaq. İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişə gəldikdə isə bu, Azərbaycanın indiyə qədər 57 ölkə ilə imzaladığı sazişdən biridir. Bu günə qədər 56 ölkə ilə belə saziş imzalanıb. Sazişin məqsədi ondan ibarətdir ki, bir ölkənin rezidenti digər ölkədə qeyri-rezident olaraq fəaliyyət göstərdiyi zaman orada mənfəət və gəlirdən vergi verdiyi üçün eyni fəaliyyətə görə əldə etdiyi gəlirdən öz ölkəsində vergiyə cəlb edilməkdən azad olunacaq. Bu tip saziş hansı ölkələrlə imzalanmayıbsa, orada ikiqat vergitutma baş verir.

Yəni bir ölkənin rezidenti digər ölkədə fəaliyyət göstərir və orada vergi verir. Ardınca öz ölkəsinə qayıdanda həmin vergini birdə burada verir. Beləliklə eyni fəaliyyət üçün iki dəfə vergi ödənir. Bu da sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər üçün əlavə maliyyə yükü yaradır. Ona görə də Azərbaycan Qırğız Respublikası arasında imzalanmış saziş iki dövlət arasında iqtisadi əməkdaşlığın genişlənməsinə müsbət töhfə verən saziş kimi dəyərləndirilməlidir”.

İqtisadçı ekspert Asif İbrahimov isə məsələyə belə münasibət bildirib:

“Aprel ayında Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması ilə bağlı ikitərəfli sazişə dəyişikliklər olunmuşdu. Qırğızıstan Türk Dövlətləri Təşkilatına daxildir və Mərkəzi Asiya bazarı Azərbaycan üçün çox önəmlidir. Azərbaycan da Qırğızıstan üçün həm tarixi, həm milli, həm mədəni, həm də iqtisadi baxımdan önəmli ölkələrdən biridir.

İki ölkə arasında ticarət əlaqələrin həcmi çox böyük olmasa da dövlətlər arasında müəyyən milli, mədəni , etnik bağlar mövcuddur. Bu istiqamətdə Azərbaycan və Qırğızıstan arasında əldə olunan ikitərəfli saziş iki ölkənin ticarət əlaqəsini artırmaq məqsədi daşıyır. Azərbaycanlı investorların Qırğızıstanda, qırğızıstanlı investorların ölkəmizdə aktiv fəaliyyət göstərməsi, ticarət dövriyyəsinin həcminin daha da artırılması baxımından olduqca əhəmiyyətlidir.

Yaxın 5 il ərzində bu istiqamətdə müəyyən yol xəritəsi hazırlana bilər. Bununla da Azərbaycanın Mərkəzi Asiyada önəmli iqtisadi tərəfdarlarından biri də Qırğızıstan olacaq”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.