“ATƏT-in Minsk Qrupu və ümumiyyətlə, əlaqəli strukturların bağlanmasına dair qərarın qəbul olunması Azərbaycanın növbəti uğuru, dayanıqlı sülh üçün növbəti uğurlu addımdır. Nazirlər Şurasının qərarı ATƏT-in 57 iştirakçı dövlətinin hamısının konsensusu ilə qəbul edilib. Bu, münaqişə başa çatdıqdan sonra Azərbaycanın haqlı tələbi idi. Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı, vasitəçilik mandatı alan həmsədrlər isə bu illər ərzində problemin həlli istiqamətində addım atmadı. Əksinə, işğalçı ilə işğala məruz qalan tərəflər arasında fərq qoymadı, rəsmi Bakıya təslimçi sülhlə bağlı təzyiqlər etməkdən də çəkinmədilər. Hər vəchlə “status-kvo”nun saxlanmasına çalışdılar. Bu isə Ermənistanı işğal siyasətini davam etdirməyə cəsarətləndirdi”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O bildirib ki, 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi:
“Bununla da ATƏT-in Minsk Qrupu yarıtmaz qurum kimi, Cənubi Qafqaz məkanında sülhün təmin olunması istiqamətində fəaliyyətsiz təsisat kimi tarixə düşdü. Ermənistan isə müxtəlif bəhanələrlə Qrupun fəaliyyətinin davam etdirilməsinə can atırdı. Amma Azərbaycan Prezidenti hər zaman bəyan edirdi ki, “münaqişə başa çatıb və Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər”.
Digər tərəfdən, Minsk qrupunun fəaliyyətini davam etdirməsi Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiasının davam etməsi kimi qəbul edilə bilərdi. Bu səbəbdən rəsmi Bakı Minsk Qrupunun ləğvini göstərici hesab edirdi. Cənab Prezident söyləmişdir ki, “Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir””.
Millət vəkilinin sözlərinə görə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edildi və həmin institutların bağlanması rəsmiləşdirildi:
“Bu, Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsidir. Bu, eyni zamanda normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir. Prosesin gedişatı göstərir ki, Azərbaycanın sülhlə bağlı yanaşması ədalətlidir və bütün tələblər regionda dayanıqlı sülhün təmin olunmasına xidmət edir”.
//Gülnarə Abasova, Editor.az

