Fransa ilə İngiltərə arasında La-Manş boğazını keçməyə çalışan 4 qeyri-qanuni immiqrantın öldüyü, 56 immiqrantın isə xilas edildiyi bildirilib.
Editor.az xəbər verir ki, Manş və Şimal dənizi qubernatorluğundan verilən açıqlamaya görə, saat 04:30 radələrində Fransız xilasetmə gəmisi “Minck” La-Manş boğazında keşik çəkərkən mühacirləri daşıyan qayığın batdığını və çox sayda insanın dənizdə olduğunu təsbit edib.
Fransanın xilasedici gəmisindəki qrup balıqçı qayığının köməyi ilə dənizdə qalan 56 nəfəri xilas edərək sahilə çıxarıb.
Saat 05:00 radələrində hadisə yerinə gələn Fransa helikopteri və patrul gəmisi 4 nəfərin meyitini aşkarlayıb.
Boulogne tibb qrupunun müdaxilələrinə baxmayaraq, bu 4 immiqrantı xilas etmək mümkün olmayıb.
Qubernatorluq hər gün 600-dən çox ticarət gəmisinin La-Manş boğazından keçdiyi və bu ərazinin riskli olduğu barədə xəbərdarlıq edib.
//Samir Qurbanov, Editor.az

