400 nəfərlik  missiya:”Avropa İttifaqı Ermənistana bu yolla dəstək verir”-AÇIQLAMAbackend

400 nəfərlik  missiya:”Avropa İttifaqı Ermənistana bu yolla dəstək verir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı birmənalı şəkildə regionda siyasi, hərbi mövcudluğunu bərqərar etməyə çalışır”.

Bunu Editor.az-a Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı Avropa İttifaqının yüksək rütbəli rəsmiləri tərəfindən Ermənistanda yerləşdirilən müşahidə missiyasının sayının 100 nəfərdən 400 nəfərə qədər artırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 100 nəfərlik müşahidə missiyasının Ermənistan ərazilərinə yerləşdirilməsi rəsmi İrəvanın müdafiəsindən daha çox Avropa İttifaqının regiona gəlməsinə xidmət edirdi:

“Əsas məqsəd bundan ibarət idi. İndi də həmin siyasəti davam etdirirlər. Rəsmi İrəvan özünü arxayınlaşdırır ki, guya Avropa İttifaqı, Qərb onlara qayğı göstərir.  Əslində isə Ermənistan vasitəsilə regiona girmək və möhkəmlənmək əsas məqsəddir. Qərbin bu planlarını isə Avropa İttifaqı həyata keçirir. Avropa İttifaqı 2021-ci ildə Avropa Sülh Fondunu yaratdı. Bu hərbi fonddur. Belə ki, Avropa İttifaqı üzvləri tərəfindən toplanan vəsait müəyyən bölgələrdə hərbi məqsədlər üçün istifadə edilir. Son zamanlarda həmin fonddan Ermənistana da yardım edilməsi müzakirəyə çıxarılıb”.

Akif Nağının fikrincə, Avropa İttifaqının Ermənistanı silahlandırmaq xətti Fransa vasitəsilə həyata keçirilir:

“Ermənistanın müdafiə naziri Sebastyan Lekornu dünən Fransada səfərdə olub. İki ölkənin müdafiə nazirləri arasında hərbi əməkdaşlığa dair müqavilə imzalanıb. Fransa istehsalı silahların geniş miqyasda Ermənistana yerləşdirilməsi nəzərdə tutulub”.

Onun sözlərinə görə, Fransa Avropada ən geniş silah istehsalı ilə məşğul olan ölkələrdən biridir: “Həmin siyasət açıq formada həyata keçirilir. Bu missiyanın sayının artırılması da məhz regionun Qərb tərəfindən hərbiləşdirilməsinə, mövqelərin genişləndirilməsinə xidmət edir. Regionda sabitliyin yaradılması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün bu missiyanın sayının artırılmasına heç bir ehtiyac yox idi. Regiona silahların daşınması vəziyyətin gərginləşməsinə xidmət edir”.

Akif Nağı Azərbaycanın həmin ölkələrin niyyətinin nədən ibarət olduğunu nəzərə almasının vacibliyini də vurğulayıb:

“Regionun silahlandırılması hərbi qarşıdurmanın olmasını da istisna etmir. Müşahidəçilər də təmsil etdikləri ölkələrin maraqlarını ortaya qoyacaq. Rəsmi İrəvan heç bir şey əldə etməyəcək. Hadisələrin təhlili də göstərir ki, müşahidə missiyasının sayının artırılması Ermənistanın da maraqlarına cavab vermir. Bu sadəcə görüntü xarakteri daşıyır.Hətta bu fəaliyyətlərini əsaslandırmaq üçün böhtan xarakterli informasiyalar da yayırlar. Guya rəsmi Bakı Qərbi Zəngəzur istiqamətində Ermənistana hücuma keçməyə hazırlaşır. Bununla bağlı Avropadan, ABŞ-dan da müxtəlif fikirlər səsləndirilib. Azərbaycan isə öz mövqeyini həyata keçirir”.

//Safura Bənnayeva,Editor.az