Trampdan gözlənilməz addım: Çin bu oyuna daxil olacaqmı?backend

Trampdan gözlənilməz addım: Çin bu oyuna daxil olacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə böyük güclərin atdığı addımlar təkcə regional deyil, qlobal iqtisadi və siyasi balanslara da təsir edir. ABŞ-ın Çini prosesə cəlb etmək cəhdi isə bu qarşıdurmanın daha geniş müstəviyə keçə biləcəyindən xəbər verir və tərəflərin strateji maraqlarını açıq şəkildə üzə çıxarır.

Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, baş verən münaqişənin əsas təşəbbüskarı məhz ABŞ-dır və Vaşinqton İsraillə birlikdə hərəkət edir:

“Bu proses açıq şəkildə təcavüz xarakteri daşıyır və belə hallara yol verilməsi qəbuledilməzdir. Bu cür addımlar da beynəlxalq səviyyədə birmənalı şəkildə qiymətləndirilməlidir. Burada neytral mövqe nümayiş etdirmək doğru yanaşma deyil. Hadisələri öz adı ilə çağırmaq lazımdır: əsas məsuliyyət ABŞ-ın üzərinə düşür, İsrail isə onun bu prosesdə əsas tərəfdaşı kimi çıxış edir və hər iki tərəf baş verənlərə görə cavabdehlik daşımalıdır.

Çinə edilən müraciətə gəldikdə isə, ABŞ artıq mürəkkəb və çətin vəziyyətlə üz-üzə qalıb və bu şəraiti özü formalaşdırıb. Vaşinqton prosesə yetərincə hesablanmamış yanaşaraq İranın potensialını düzgün qiymətləndirməyib. Halbuki hazırkı vəziyyət göstərir ki, İranın kifayət qədər geniş manevr imkanları mövcuddur və qeyri-ənənəvi mübarizə müstəvisində müəyyən üstünlüklər əldə edə bilir.

İsrailin hərbi imkanları, xüsusilə aviasiya gücü yüksək olsa da, mülki obyektlərin hədəfə alınması kimi hallar ciddi narahatlıq doğurur”.

O bildirib ki, ABŞ-ın Çinə çağırışı gecikmiş və daha çox vəziyyəti öz xeyrinə dəyişmək cəhdi kimi görünür:

“Vaşinqton yaxşı anlayır ki, Çin İranın strateji tərəfdaşlarından biridir və bölgədə formalaşmış qüvvələr balansı artıq fərqli xarakter alıb. Buna görə də ABŞ Çini prosesə cəlb etməklə daha əlverişli mövqe qazanmağa çalışır. Lakin bu addımın effektiv olacağı inandırıcı görünmür. Digər tərəfdən, İran rəsmiləri dəfələrlə bildiriblər ki, mümkün vasitəçilik missiyasında əsas rol üçün məhz Çini uyğun hesab edirlər. Bu isə ABŞ-ın mövqeyi ilə üst-üstə düşmür və Vaşinqtonun təşəbbüslərinin nəticə vermə ehtimalını azaldır.

Ümumilikdə, Çin bu müraciətə ehtiyatla yanaşacaq, bütün riskləri və maraqları nəzərə alaraq qərar verəcək. Lakin onun ABŞ-ın gözləntilərinə uyğun şəkildə prosesə qoşulması real görünmür. Çünki burada söhbət artıq təkcə regional deyil, qlobal güc mərkəzləri arasında rəqabətdən gedir və tərəflər öz strateji maraqlarını maksimum dərəcədə qorumağa çalışırlar”.

//Gülnarə Abasova, Editor.az