Bu gün Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur. 1988-ci ilin 17 noyabrında başlayan “Meydan” hərəkatı Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə başladı. Bu il artıq 30 il əvvəl başlayan bu mübarizənin bəhrəsini gördük. O zaman başlanan “Dağlıq Qarabağ” adlı münaqişə artıq yoxdur. Bu il ilk dəfədir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi bir vaxtda qeyd olunur. 44 günlük Vətən müharibəsi ilə qısa zamanda torpaqlarını işğaldan azad edən qalib xalqımız bu bayramı bu gün qələbə sevinci ilə qeyd edir. Azərbaycan xalqı hər zaman ona qarşı yürüdülən ikili siyasətə qarşı çıxıb, anti-Azərbaycan siyasətinə qarşı bir yumruq kimi birləşib. Bu gün artıq qalib ölkə, qalib xalq olaraq bizə təzyiq göstərməyə cəhd edən, ikiüzlü siyasət yürütməyə çalışan bütün ölkələrə qarşı daha qətiyyətli, daha güclü şəkildə dayanmışıq. Belə bir günün tarixi Azərbaycan xalqının yaddaşından əsrlər boyu silinməyəcək. Qalib ölkənin qalib vətəndaşı o günləri unutmayacaq. İllər əvvəl başlanan bu mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Bu möhtəşəm günün tarixi ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına toplaşaraq 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı:

“Heç vaxt əsarətlə işğalı qəbul etməyən qəhrəman xalqımızın nümayəndələri həmin dövrdə yenicə baş qaldıran erməni separatizminə də qarşı mübarizə aparırdı. Həmin dövrdə Azərbaycanın Qarabağ vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad bir xalqdır.
Ermənistanda və Qarabağda azərbaycanlılara qarşı yönəldilmiş soyqırım Sovet ordusu tərəfindən dəstəklənirdi. Təpədən-dırnağadək silahlanmış erməni quldurları əliyalın, dinc əhalini böyük bir amansızlıqla qətlə yetirirdilər. Təəssüf ki, o zamankı kommunist rəhbərliyi xalqın və vətənin həqiqi mənafeyinin keşiyində dura bilmədi. Bütün bu ədalətsizliklərlə və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı 17 noyabrda ayağa qalxdı. Həmin günlərdə “Meydan hərəkatı” adını almış bu hərəkatla Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı. Təkcə Bakıda deyil, respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. Xalq geri çəkilmirdi, Ermənistanda və Dağlıq Qarabağda erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış “Meydan hərəkatı” tezliklə Azərbaycanın müstəqilliyinə çağıran şüarlara keçdi. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayraqları dalğalandı. Qüvvələr hələ qeyri-bərabər olsa da, bir müddət sonra tarix öz sözünü dedi. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü – Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamış Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günüdür:
” Mən bu 44 günlük müharibəni məhz 17 noyabr tarixi hadisələrinin davamı kimi qiymətləndirirəm, məhz xalqımızın bir yumruq kimi birləşməsi, 30 ildir doğma torpaqlarımızın 20 faizini işğal altında saxlayan, 28 il ərzində ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistanın silahlı qüvvələrinə qarşı Böyük Vətən savaşında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri ilə nəticələndi. Mən bütün xalqımızı 17 noyabr dirçəliş günü münasibətilə təbrik edir, Rəşadətli Azərbaycan ordusuyla qürur duyduğumu bildirirəm”.
Politoloq Nurlan Qələndərli Editor.az-a bildirib ki, milli maraqların qorunmasını təmin edən bir çox amillər var. Bunlardan biri xalqın tarixi, cəmiyyətin isə ictimai-siyasi yaddaşının düzgün formalaşdırılmasıdır:

“Bu, həm keçmişdən düzgün nəticə çıxararaq bu gündən gələcəyə sağlam mənəvi körpü yaradılması, həm də siyasi mədəniyyətin, siyasi şüurun inkişafı baxımından çox önəmlidir. Milli dirçəlişdən ümummilli tərəqqiyə və möhtəşəm Zəfərə doğru uzanan yol Azərbaycan xalqının zəngin dövlətçilik tarixinin unudulmaz səhifələrini təşkil edir. Xalqımızın istiqlal – müstəqillik ideyası və milli azadlıq arzusu ilə başlanan mübarizə XXI əsrdə torpaqlarımızın işğaldan azad olunması ilə özünün kuliminasiya nöqtəsinə çatdı. Hazırda biz daha bir tarixi dövrə – Böyük Qayıdış mərhələsinə şahidlik edirik. Ümumiyyətlə, Azərbaycan adını tarixə müstəqil siyasət yeridən, qalib və qüdrətli dövlət kimi yazdırmaq xoşbəxtliyinə müvəffəq olub”.
Siyasi analitikin sözlərinə görə, Milli dirçəlişdən tarixi Zəfərə gedən yol isə özündə bütöv siyasi orqanizm olan dövləti müdrikləşdirən çox mühüm tarixi təcrübələri, taleyüklü hadisə və prosesləri ehtiva edir:
” Bu dövrdə Cənubi Qafqazın lider dövlətinə çevrilməkdən tutmuş nüfuzlu beynəlxalq təşkilatlara sədrlik etməyə, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini yaratmaqdan başlamış inkişafın milli modelini formalaşdırmağa qədər çox sayda mühüm uğurlara imza atılıb. Nəinki müstəqillik, hətta çoxəsrlik tariximizin zirvə nöqtəsi isə, qeyd etdiyimiz kimi, işğal altında olan torpaqların azad, ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasıdır. Təbii ki, bütün bu strateji nailiyyətlər asanlıqla əldə olunmayıb, yaxud olduqca mürəkkəb şərtlərə və şəraitə rəğmən, qazanılıb. Hətta taleyüklü anlarda ölkəmiz üçün dönüş nöqtəsi olan proseslərin qarşısını almaq üçün müxtəlif cəhdlər edilib. Amma Azərbaycanın strateji hədəflərə doğru yürüşünün qarşısını almaq mümkün olmayıb, xalq-iqtidar birliyinin, milli həmrəyliyin gücləndirilməsi, kompleks islahatların aparılması, praqmatik xarici siyasətin davam etdirilməsi, iqtisadi imkanların və hərbi potensialın artırılması ölkəmizi tarixi ədalətin bərpa olunması hədəfinə doğru aparıb. Son sözü isə döyüş meydanında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu deyib: “Qarabağ Azərbaycandır!”. Bu gün isə, qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış prosesi başlayıb və biz bütün strateji hədəflərimizi addım-addım gerçəkləşdiririk! “
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan xalqı bir çoxlarının sahib ola bilmədikləri və ömür boyu həsrət qaldıqları milli mənəvi, vicdani dəyərlərə, zəngin keçmişə, yüksək mədəniyyətə, intellektə, istedada malikdir:

” Hətta totalitarizmin, diktaturanın ən sərt formasının mövcud olduğu, hər cür vasitələrlə onun keçmişini, özünəməxsus milli dəyərlərini unutdurmağa çalışdığı SSRİ belə azad ruhlu, mübariz xalqımızın əzmkarlığı, cəsarəti qarşısında dözüm gətirə bilmədi. XX əsrin əvvələrində qazanılmış demokratiya, azadlıq, suverenlik ruhu ağır əzablara, iztirablara baxmayaraq əsrin sonunda yenidən dirçəldi və müstəqilliyin bərpası üçün milli birliyin, özünüdərkin, hüquq və azadlıq uğrunda həmrəyliyin formalaşmasına gətirib çıxardı. 1988-ci ildən etibarən xalqımız kimliyindən asılı olmayaraq birlik numayiş etdirərək bütünlüklə meydanlara axışması, azadlıq, müstəqillik şuarını səsləndirməsi totalitar sovet rejimini ciddi qorxuya saldı. Elə bir qorxu ki, onu 1990-cı ildə xalqımız qarşısına ən sərt formada, silahlı qüvvələrlə çıxmağa sövq etdi. Amma yüzlərlə vətəndaşın qətlinə, yaralanmasına baxmayaraq istədiyinə nail olmadı. Xalqın mərdliyi, cəsarəti qarşısında tab gətirə bilmədi və acizanə formada geri çəkilməklə mövcudluğunu başa çatdırmağa məcbur oldu. Azadlıq uğrunda aparılmış mübarizənin nəticəsi, bəhrəsi olaraq 1991-ci yenidən bərpa edilmiş müstəqil dövlətimiz 30 ildir ki, özünün varlığını qorumağa, düşmənləri ilə mübarizə aparmağa və iqtisadi-siyasi-mədəni yüksəlişinə nail olmağa çalışır. Amma təəssüflər olsun ki, xalqımızın dirçəliş, azadlıq ideyalarına, milli dövlətçilik düşüncəsinə qarşı Çar Rusiyasının formalaşdırdığı, Sovet rejiminin həyata keçirdiyi siyasət sonrakı dövrdə Rusiya tərəfindən davam etdirilməkdədir. Bunu Azərbaycanın müstəqilliyinə, suverenliyinə münasibətdə həmin dövlətin necə qısqanclıq nümayiş etdirməsindən görmək olur. Belə ki, 30 ilə yaxın bir müddətdə Ermənistan kimi separatçı, terrorçu dövləti dəstəkləməklə, onu silahlandırmaqla Azərbaycan torpaqlarının işğalına, Qarabağ münaqişəsinin meydana çıxmasına şərait yaratması buna misal ola bilər.
İllərlə aparılmış separatçılıq, işğalçılıq siyasəti xalqımızın səbr kasasını doldurmuşdu”.
Siyasi analitik vurğulayıb ki, XX əsrin sonunda baş qaldıran dirçəliş ruhu, mübarizə əzmi 27 sentyabr 2020-ci ildə yenidən alovlandı:
“Ermənistana və onun havadarlarına, onların separatçı hərəkətlərinə dur deməyi bacarması və müharibə yolu ilə işğalda olan torpaqlarının böyük qismini azad etməsi, xalqımızın özgüvən hissinin daha da inkişafına təkan verdi. Bununla paralel dövlətimizə qarşı ənənəvi hücumların yenidən alovlanmasına da şərait yaratdı. Rusiyanın Azərbaycanda tarixi mövcudluğunu illər sonra yenidən həyata keçirmək üçün müharibə sonrası dərhal silahlı qüvvələrini onun ərazisində yerləşdirməsinə fürsət qazandırdı. Beynəlxalq mandat almadan, rus silahlı qüvvələrinin ölkəmizdə yerləşməsi hər nə qədər təhlükəsizliyin təmin edilməsi məqsədini daşıdığı fikrini formalaşdırmış olsa da, onların burdakı mövcudluqları düşünürəm hər kəsə aydındır. Müharibədən keçən bir il ərzində bəyənatda göstərilmiş müddəaların tələblərini pozaraq, daha çox Azərbaycan ərazisində mövcud olan erməni separatçılarının mənafeyini müdafiə etmələri ilə yadda qalır. Separatçıların olduqları ərazilərdə Rusiyanın mövcudluğunu simvolizə edən abidələr ucaltmalarının özü belə dolayısı ilə məxsus olduqları dövlətin geosiyasi maraqlarını təmin etdikləri açıq-aşkar hiss olunur. Bu addımları ilə həm də xalqımızın milli azadlıq ruhunun, müstəqillik ideyalarının daha da inkişafına, güclü və qüdrətli Azərbaycan dövlətinin formalaşmasına mane olmaq üçün cəhd göstərilir. Düşünürəm, xalqın müstəqillik, azadlıq ruhuna qarşı getmək olar, lakin tamamilə öldürmək olmaz. Tarixi, düşüncəsi zəngin xalqları ən sərt iqtisadi-siyasi sınaqlardan keçirmək, onları zülmə məcbur etmək olar, amma onların ləyaqətinin, şərəfinin, namusunun itirilməsinə nail olmaq olmaz. Hətta imperiyalar bunun qarşısında acizdir nəinki dövlətlər. Ona görə də dövlətlərin bu cür xalqlara qarşı getməsi, onların hisslərini sınaqdan keçirməsi doğru deyil. Bu addımlar, həmin dövlətlərin özlərinin varlığı üçün mənfi təsirlərə səbəb ola bilər”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


