44 günlük Vətən müharibəsi nəyi sübut etdi?-Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil formalaşıbbackend

44 günlük Vətən müharibəsi nəyi sübut etdi?- Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil formalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi

Azərbaycan əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər siyasəti bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin mahiyyətində Azərbaycan gəncliyini müasir dünyanın çağırışlarına cavab verəcək qədər hazırlıqlı, intellektual, çağdaş, eyni zamanda milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik prinsiplərinə sadiq bir qüvvə kimi görmək istəyi dayanır.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi də dövlət gənclər siyasətinin qarşısında duran əsas vəzifələrdən biridir. İllərdir ki, müxtəlif dövlət strukturları tərəfindən bu istiqamətdə əhəmiyyətli layihələr həyata keçirilir, sistemli iş aparılır.

Təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan gəncləri ön cəbhədə qəhrəman əsgər kimi əlində silah, arxa cəbhədə informasiya savaşının döyüşçüsü kimi ölkəmizin bütövlüyü naminə durmadan gərgin mübarizə apardılar.

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, Azərbaycan gəncliyi hər zaman vətənpərvərlik ruhunda yetişib, milli və dövlətçilik maraqlarımızın qorunması istiqamətində fəaliyyət göstərib. Deputat qeyd edib ki, biz 44 günlük Vətən Müharibəsində də bunun əyani şahidi olduq:

“Əmin olduq ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil formalaşıb. Gənclərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsinin əsas qəhrəmanları kimi sözün həqiqi mənasında tarix yazdılar. Məhz son 17 ildə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə yetişən gənc nəsil tarixi torpaqlarımızı işğaldan azad etdi. Hələ ötən il Tovuz əməliyyatlarında minlərlə gəncin könüllü şəkildə orduya yazılmaq istəyi də göstərirdi ki, bu illər ərzində torpaqlarımızın işğal altında qalmasına baxmayaraq yaşlı nəsil kimi gənc nəsil də bir amalla yaşayır – Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, tarixi torpaqlarımızı işğaldan azad etmək.

Halbuki münaqişənin həllində maraqlı tərəf kimi görünməyə çalışan əksər beynəlxalq təşkilatlar həll prosesinin məqsədli şəkildə donduralaraq, uzadılmasına çalışırdı. Onların əsas məqsədi gənclərimizə, yeni nəslə işğal tarixini unutdurmaq, bizim təslimçi sülhlə razılaşmağımıza nail olmaq idi.

Amma bu çirkin cəhdlərin heç biri baş tutmadı. Azərbaycan gənci nəinki işğal faktını unutmadı, əksinə hər zaman Ali Baş Komandandan əmr gözlədi. Təsadüfi deyil ki, Vətən Müharibəsində də əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Müharibədə iştirak edən və şəhid olan gənclərimizin böyük əksəriyyətinin yaşı artıq tarixə qovuşan münaqişənin yaşından az idi”.

Millət vəkili qeyd edib ki, eyni zamanda biz arxa cəbhədə-informasiya savaşında da gənclərimizin mübarizliyini gördük:

“Düşmənin dezinformasiya siyasətinə qarşı hər bir Azərbaycan vətəndaşı, o cümlədən gənclərimiz mübarizə apardı. Qarşı tərəfin yaydığı “fakenews”lar intellektual gənclərimiz tərəfindən ifşa olundu və bu gün də bu proses davam edir. Bu gün Azərbaycan gəncinin fəaliyyəti “hər şey Vətən üçün” prinsipinə əsaslanır.
Prezident İlham Əliyevin güclü Lider kimi hər zaman dövlətçilik maraqlarını ən ali səviyyədə müdafiə etməsi gənc nəsil üçün əsl nümunə olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yetişən, formalaşan müzəffər gənclərimizlə hər birimiz qürur duyuruq”.

Azxeber.com informasiya portalının baş redaktoru, gənc media kapitanı Əfsələddin Ağalarov Editor.az-a bildirib ki, Azərbaycan gəncliyi Vətən müharibəsi sınağından alnıaçıq, üzüağ çıxmağı bacardı. Baş redaktor vurğulayıb ki, gənclərimiz yalnız ön cəbhədə deyil, həm də arxa cəbhədə döyüşürdü:

“İnformasiya savaşının əsas hərəkətverici qüvvəsi gənclər oldu. Azərbaycan gəncliyi Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Müharibə dövründə Ermənistanın Azərbaycanın yaşayış mərkəzlərini, mülki obyektlərini hədəfə almasını, Gəncəni, Bərdəni raketlə bombalaması və hadisə nəticəsində azyaşlıların, qadınların şəhid olması faktını dünyanın müxtəlif yerlərində yaşayan gənclərimiz aksiyalar, tədbirlər təşkil edərək dünya ictimaiyyətinə çatdırdılar».

Əfsələddin Ağalarovun sözlərinə görə müharibə ön cəbhədə bitsə də, arxa cəbhənin informasiya savaşı davam edir:

” Azərbaycan 44 günlük Vətən müharibəsindəki qalibiyyətinin ardından yeni bir mərhələyə qədəm qoyur. Bu mərhələdə Azərbaycanın işğaldan azad edilmiş rayonlarımızın yenidən bərpası və 30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan 1 milyondan artıq vətəndaşlarımızın öz yurd-yuvalarına köçürülməsi baş tutacaq. Bu istiqamətdə həyata keçiriləcək layihələrdə də aparıcı qüvvə gənclər olacaq. Hazırda Qarabağdakı infrastruktur layihələrinin həyata keçirilməsində gənclər aktiv rol oynayır. Qeyd edim ki, onların bir çoxları könüllü şəkildə müraciət edərək işğaldan azad olunmuş ərazilərimizdə yeni layihələrin icrası üçün çalışırlar. İndi isə çiçəklənən Qarabağda keçirilən bütün tədbirlərdə, layihələrdə bu gəncliyin gücünü görəcəyik. At belində Qarabağı tərk edən o uşaqlar, tank belində qolu qüvvətli gənclər olaraq Qarabağa geri döndülər”.

“Gənclərin töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Editor.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, hər bir güclü dövlətin əsas məqsədi gələcəyini etibar edə biləcəyi sağlam və vətənpərvər gənclər formalaşdırmaqdan ibarət olmalıdır:

“Bu gün ölkəmizdə əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin də əsas istiqamətlərindən biri gənclərimizi vətənpərvərlik ruhunda yetişdirməkdən ibarətdir . Məhz bu siyasətin uğurlu nəticəsidir ki, Azərbaycan gəncləri beynəlxalq arenada Azərbaycanımızın haqq səsini dünya ictimaiyyətinə çatdırdığı kimi, ön cəbhədə də eyni qəhrəmanlığı, şücaəti sərgilədilər. Nəinki ön cəbhədə, arxa cəbhədə informasiya müharibəsində düşmən həmlələrinə layiqli cavab verdilər. Erməni mifini darmadağın edərək onlara unudulmaz dərs verdilər. Xalqımızın Zəfər tarixini yazanlar arasında gənclərimizin böyük əməyi oldu”.

Asim Vəliyevin sözlərinə görə, bundan sonra da Azərbaycan gəncliyinin üzərinə böyük öhdəlik və məsuliyyət düşür:

” Qazanılmış bu tarixi Zəfəri qoruyub saxlamaq və Azərbaycanımızın günbəgün güclənməsində, çiçəklənməsində yaxından iştirak etmək gəncliyimizin ən ümdə vəzifəsidir. Mən əminəm ki, bundan sonra da gənclər siyasəti uğurla davam etdiriləcək, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda, sağlam vətəndaş yetişməsi üçün məqsədyönlü fəaliyyət göstərəcək”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.