İSTİQAMƏT: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
Hər bir dövlətin gələcəyinin formalaşması və inkişaf etdirilməsində gənc nəslin böyük rolu var. Gənclərin milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin formalaşması istiqamətində müxtəlif layihələr icra olunur. Azərbaycanda aparılan dövlət gənclər siyasətinin əsas mahiyyətində Azərbaycan gəncliyini milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə bağlı, eyni zamanda, dünyadakı rəqabətə tab gətirəcək, yeni çağırışlara cavab verəcək qədər müasir və intellektual görmək istəyi dayanır. Aparılan bu siyasətin ən parlaq nümunəsini biz 44 günlük Vətən müharibəsində gördük. Vətən müharibəsində Azərbaycan gəncləri həm ön cəbhədə əsgər, həm də arxa cəbhədə informasiya savaşının iştirakçısı kimi bu sınaqdan üzü ağ çıxdı. Bu, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi qələbəsi idi. Bu qələbənin qazanılmasında Azərbaycanın vətənpərvər gənclərinin rolu danılmazdır. Vətənə sevgi, torpağa sədaqət Azərbaycan gəncliyinin tarixdən bu günə qanında, canında olan xislətdir.
Məsələ ilə bağlı fikirlərini Editor.az-a bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə gənclərə vətənpərvərlik hislərinin təbliğ olunması istiqamətində böyük işlər görülür:

“ Bu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın gənclərə olan diqqət və qayğısının nəticəsidir. Bu gün gənclərimiz də vətənpərvər ruhda yetişir. Çünki Ermənistanın Azərbaycana qarşı olan təxribatları hələ də davam edir, kin-, küdurəti dayanmır. Universitet və orta məktəblərdə davamlı tədbirlər aparılmalı, yeni kino, film hazırlanmalı, əsərlər yazılmalıdır. İşlər davamlı və sistemli şəkildə həyata keçirilməlidir. Eyni zamanda, müxtəlif seminarlar, görüşlər təşkil edilməlidir. Bizim qarşımızda duran ən vacib məsələlərdən biri də vətən sevgisinin dərk edilməsi üçün ölkəmizin tarixini, mədəniyyətini çox yaxşı öyrənməkdir. Əgər biz bunu edə bilsək uğurla hədəflərimizə doğru irəliləyə bilərik. Əks təqdirdə qarşıda bizi çox dərin dövr gözləyər. Ermənistan hələ də bizdən qisas almaq üçün fürsət gözləyir. Biz bu təbliğatı bağça, məktəb, universitet və digər yerlərdə uşaqlara, gənclərə təlqin edilməliyik”.
Sağlam Cəmiyyət Hərəkatının Rəhbəri sosioloq Elçin Bayramlı mövzuya münasibətində qeyd edib ki, vətənpərvərliyin təbliği çox əhəmiyyətli bir mövzudur:

“Biz bunu Vətən müharibəsində də aydın gördük. Vətənpərvərlik hansısa quru sözlərlə, verlişlərlə təbliğ edilməməlidir. Bu məsələlər ancaq dövlətin sosial ədaləti, vətəndaşına sahib çıxması, gənclərin sağlam mühitdə böyüyüb təhsil alması ilə bağlı gördüyü tədbirlərdən asılıdır. Gənclər vətənpərvər ruhda böyüməsi üçün bilməlidir ki, bu dövlət onundur, ona sahib çıxır və problemlərini həll etmək istiqamətində çalışır. Sinfi ayrıseçkilik olmamalıdır. Vətən qarşısında qazilərimiz, şəhidlərimiz öz borcunu layiqincə ödəyib. Hər il 10 milyonlarla pul vətənpərvərliklə bağlı tədbirlərə xərclənir. O pullar həmin müharibə iştirakçılarına xərclənməlidir. Bu daha effektiv olar. İnsanlar görəcək ki, dövlət üçün canını verənlər, onların ailələri dövlət tərəfindən diqqət mərkəzindədir. Düzdür, dövlət bu istiqamətdə çox işlər görüb və görməkdədir. Amma bu proses daha da genişləndirilsə, gənclərdə vətənpərvərlik hisslərini yaratmaq üçün əlavə vasitəyə ehtiyac qalmayacaq”.
Safura Bənnayeva, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


