Dekabrın 27-də İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə “6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Editor.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi – yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilən müsabiqədə 100-dən çox iştirakçı 260-dan çox işlər təqdim edərək maraqlı sujet, hadisə və obrazları qələmə almaqla özlərinin yığcam, konkret və lakonik yazı üslubundan istifadə bacarıqlarını sınayıblar.
Münsiflər heyəti müsabiqənin mövzusu olan İçərişəhərə aid aşağıdakı işləri qalib elan edib:
“Bakı – muzey, İçərişəhər – ən qədim eksponat.”
(Ümid Bilalov)
“Tarix içində şəhər, şəhər içində tarix.”
(Elgiz Mahmudov)
“Xəzəri qurudan əsrlər, Qız Qalasına toxunmamışdı.”
(Laçın Cavadov)
“- Qədeş, məhəllədən köçən kimdir?
– Qırçı Cabbar.”
(Mehman Mehmanzadə)
“Külək qocanın izinə düşüb, labirintdən keçəcəkdi.”
(Vahid Əsgərov)
“İçərişəhər. Gecəyarı. Ədibin evinin pəncərəsi işıqlıdır.”
(Xatirə Kərimova)
“Nənəmdənqalma yadigar, qurama döşəkçə İçərişəhər ətirli idi.” (Rəşad Şükürov)
“Qız Qalası tənhadır, çünki Elman dayı yoxdur.”
(Rəşad Cəfərov)
“İçərişəhər kimiyəm: meqapolis Bakıda özümə qapanmışam.”
(Fərid Rəsulov)
“Mən yaşlandım, sən dəyişmədin, Qız Qalası.”
(Nərgiz İbrahimova)
Qaliblərin hər biri müsabiqənin təşkilatçıları “Ədibin Evi”, Medianın İnkişafı Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 100 azn pul mükafatı ilə təltif ediliblər.





