ARB telekanalında yayımlanan “Elgizlə izlə” proqramında evlənən Qoçəli və Həqiqət cütlüyünün övladı dünyaya gələcək. Bu barədə aparıcı Elgiz Əkbər bildirib. O, 64 yaşlı Həqiqət xanımın hamilə olduğunu deyib.
Aparıcı cütlüyü təbrik edərək onlara gözaydınlığı verib.
Tamaşaçıların çoxu isə bu xəbərə inanmayıb. Onlar 64 yaşlı qadının hamilə qalmasının mümkünsüz olduğunu və Elgiz Əkbərin şou yaratdığını iddia edib.
Bioloq A.Məmmədov Yenisabah.az-a deyib ki, hətta elmdə də istisnalar olur. Azərbaycanda 64 yaşlı qadının hamilə qalması da bu istisnalardan biridir:
“45-55 yaş arasında qadın orqanında yumurta əmələ gəlməsi demək olar ki, zəifləyir və dayanır. Bu, orqanizmin qocalması və hormonların fəaliyyətinin zəifləməsi ilə bağlı olur. Görünür, həmin qadının həyatında olan dəyişiklik və sadə dillə desək adrenalin hissi hormonları yenidən aktivləşdirib və yumurtahüceyrə (tək bir dənə olsa mümkündür) yetişib və mayalanma prosesi baş verib. Sağlam həyat tərzi, orqanizmin indivuduallığı bəzən ağlagəlməz imkanlar yaradır”.
Bioloqun sözlərinə görə, həyatda bəzən elə hadisələr baş verir ki, onların elmi izahını tapmaq çətin olur. Onun sözlərinə görə, insanların, xüsusilə yaşı ötmüş qadınların bədbinliyə qapılmasına əsas yoxdur: “Heç zaman ümidinizi üzməyin. Tanrı bəzən mükafatlandırır”.
Xatırladaq ki, Həqiqət xanım ötən il aparıcı və prodüser Tarix Əliyevin (Tolik) verilişinə gəlib.
O, proqramda gənclik illərində başına gətirilən müsibətlərdən danışıb. 18 yaşında təcavüzə uğradığını və körpəsini anasının öldürdüyünü deyib.
Daha sonra Tolik onu evlənməsi üçün “Elgizlə izlə” proqramına aparıb. Həqiqət orada Qoçəli bəylə tanış olaraq ailə qurub. Bir müddət əvvəl cütlüyün nişan və toy mərasimləri baş tutub.

