Mayın 6-da Bakı şəhəri Səbail rayonu Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib.
Festivalda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail Rayon Komitəsinin sədri Leyla Baxşıyeva, 7 saylı orta məktəbin direktoru Könül Təhməzova və digər qonaqlar iştirak ediblər.
Festival məktəbin hazırladığı stendlərə baxışla başlayıb. Azərbaycan Respublikasının himni səsləndirilikdikdən sonra rəsmi qonaqlar tədbirin proqramını izləyiblər.
Festivalda çıxış edən Nərminə Hüseynova Ulu Öndərin zəngin siyasi kursunun əsas istiqamətlərindən birinin də ölkə idmanının inkişafı ilə bağlı olduğuna diqqət çəkib. N.Hüseynova Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, idmana və idmançılara yüksək diqqət və qayğı göstərilməsi barədə danışıb. Məktəblərdə idman infrastrukturunun ilbəil yaxşılaşdığını bildirən N.Hüseynova idmanda uğur qazanan məktəblilərin sayının artdığını da qeyd edib.
Daha sonra məktəbin direktoru Könül Təhməzova bildirib ki, Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılıb, gənclərin sağlam ruhda böyüməsi daim diqqət mərkəzində olub. Dövlətimizin idman sahəsindəki bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də uğurla davam etdirilir.
Azərbaycanın milli rəqsləri və musiqi sədaları altında müxtəlif kompozisiyalar səsləndirildikdən sonra Olimpiya məşəli meydana gətirilib.
Məktəb şagirdlərinin yarışı, gimnastların xüsusi çıxışı, 7 nömrəli məktəbin şagirdlərinin çıxışları tədbirə rəng qatıb. Məktəbin şagirdi Musa Muradın musiqili ifası da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
//Editor.az