Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda belaruslar iştirak etməlidir.
O hesab edir ki, əks halda respublika ərazisinin bir hissəsini itirə bilər.
“Mən həmişə təkid etmişəm, bu barədə ukraynalılara da deyirəm, ruslara da. Putinə xəbərdarlıq etmişəm ki, Ukrayna ilə bağlı danışıqlarda belaruslar iştirak etməlidir… Mən istəmirəm ki, orada bizsiz, bizim arxamızdan məsələlər həll olunsun.
Bəli, onlar Qomelə, Polesiyə qədər keçməyəcəklər, məsələ bu deyil. Amma onlar elə qərarlar qəbul edə bilərlər ki, sabah ölkənin yarısından imtina etməli olacaqlar”, – Lukaşenko bildirib. Onun hökumətin iclasındakı çıxışını “Pul First” Telegram kanalı yayıb.
Lukaşenko iddia edir ki, Qərb dövlətləri Belarus müxalifətinin təhriki ilə Minskin Ukraynadakı münaqişənin həllində iştirakına mane olmaq istəyirlər.
Onun sözlərinə görə, müxalifət onun “sındırıla bilməyəcəyindən, əyilə bilməyəcəyindən” qorxur və maraqlarını müdafiə edir. “Onlar indi cürbəcür sxemlər hazırlayırlar… belarusluların problemi həll etməsinə mane olmaq üçün xaricdə oturan başqalarının təklifi ilə hər şeyi edirlər”, – o əlavə edib.
//Samir Qurbanov, Editor.az

