2026-cı ilin dövlət büdcəsi ilə bağlı müzakirələr həm sosial təminat, həm də vergi siyasətində mühüm dəyişikliklər vəd edir. Yeni büdcə layihəsi gələn ildən etibarən pensiyalarda və sosial ödənişlərdə nəzərəçarpacaq artım, eləcə də vergi dərəcələrinin mərhələli şəkildə dəyişməsi kimi yenilikləri gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, bu dəyişikliklər sosial müdafiə sisteminin gücləndirilməsinə və iqtisadi sabitliyin qorunmasına xidmət edəcək.
İqtisadçı ekspert Eldəniz Əmirov Editor.az-a açıqlamasında bildirib ki, 2026-cı ildən etibarən bir sıra mühüm sosial və fiskal dəyişikliklərin həyata keçirilməsi gözlənilir:

“2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10 faiz artacağı demək olar ki, artıq dəqiqləşib. Artımın əsas səbəbi orta aylıq nominal əməkhaqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksəlməsidir. Hazırda bu göstərici 9,7 faiz artaraq 1093 manata çatıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yeni büdcə layihəsi də bunu təsdiqləyir”.
E.Əmirovun sözlərinə görə, DSMF-nin 2026-cı il üçün gəlirləri 8,32 milyard manat, xərcləri isə 8,48 milyard manat həcmində proqnozlaşdırılır. Əhaliyə ödənişlərin ümumi həcminin bu illə müqayisədə 787,5 milyon manat artacağı gözlənilir ki, bu da 10,63 faiz artım deməkdir.
Ekspert bildirib ki, gələn ildən minimum pensiya 320 manat, yaşayış minimumu və ehtiyac meyarı isə 300 manat olacaq. Onun sözlərinə görə, bu göstəricilər aztəminatlı ailələrə sosial yardımın həcmini və dövlətin sosial siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən vacib meyarlardır.
Əmirov əlavə edib ki, eyni zamanda, qeyri-neft və qeyri-dövlət sektoru üçün gəlir vergisi dərəcələrinin mərhələli şəkildə artırılması nəzərdə tutulur:
“2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildə isə 7 faiz dərəcəsi tətbiq ediləcək. 2500 manata qədər gəlirlər üçün 7 faiz, 8000 manata qədər 10 faiz, 8000 manatdan yuxarı gəlirlər üçün isə 14 faiz dərəcəsi qüvvədə olacaq,” – deyə iqtisadçı qeyd edib. 2026-cı ilin yanvarından hibrid və elektrik mühərrikli avtomobillərin idxalı və satışına tətbiq olunan ƏDV güzəştləri qüvvədən düşəcək”.
O, minimum əməkhaqqının isə gələn il artırılmayacağını bildirib:
“Əslində bu, gözlənilən qərar idi, çünki adətən minimum əməkhaqqı iki ildən bir artırılır. Bu artımın 2027-ci ilin 1 yanvarından etibarən həyata keçiriləcəyi və minimum əməkhaqqının 450–460 manata yüksələcəyi ehtimal olunur”.
//Gülnarə Abasova, Editor.az

