Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) prezidenti Ursula fon der Leyenin sədrliyi ilə yeni Aİ kəşfiyyat agentliyinin yaradılmasını planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrə danışan mənbələrin bildirdiyinə görə, Avropa Komissiyası təhlükəsizlik və kəşfiyyat sahəsində öz imkanlarını gücləndirməyin yollarını araşdırır. Britaniya qəzetinin yazdığına əsasən, “xüsusi bölmənin yaradılması da bu strategiyanın bir hissəsi kimi nəzərdən keçirilir”.
Məlumata görə, Avropa İttifaqı eyni zamanda Rusiya, Çin və digər ölkələrdən yayıldığı iddia edilən dezinformasiya ilə mübarizə aparmaq məqsədilə xüsusi mərkəz yaratmağı planlaşdırır.
Təşəbbüsün müəllifi şəxsən Ursula fon der Leyen hesab olunur. “Financial Times”ın istinad etdiyi sənədin noyabrın 12-də dərc olunacağı gözlənilir. Sənəddə vurğulanır ki, Rusiya və Çinin Avropada təsir dairəsini genişləndirmək məqsədi daşıyan “hibrid hücumları” Aİ üçün ən ciddi təhlükələrdən biri sayılır.
Britaniyanın “The Guardian” nəşrinin yazdığına görə, planlaşdırılan layihədə iştirak Aİ-yə üzv ölkələr üçün məcburi xarakter daşımayacaq. Bununla yanaşı, Aİ üzv dövlətləri və Böyük Britaniya da yeni yaradılacaq mərkəzə qoşulmaq üçün müraciət edə biləcəklər.
//Gülnarə Abasova, Editor.az

