Xəbər verdiyimiz kimi, “Ramiz Mehdiyev işi” çərçivəsində baş nazirin sabiq birinci müavini Abbas Abbasova da cinayət işi açılıb və barəsində axtarış elan olunub.
Məlumdur ki, Abbas Abbasov 2006-cı ildən Rusiyada yaşayır və Rusiyanın bir sıra hakimiyyət dairələri ilə yaxın olduğu barədə zaman-zaman xəbərlər yayılıb. Rusiyaya sığınmasında da bu yaxınlığın rol oynadığı bəllidir.
Bəs Rusiya onu Azərbaycana təhvil verəcəkmi? Azərbaycanla Rusiya arasında haqqında cinayət işi açılan və axtarışa verilən şəxslərin ekstradisiyasını nəzərdə tutan hüquqi müqavilələr varmı?

Deputat Aydın Hüseynov Musavat.com-a bildirib ki, güman ki, hüquq-mühafizə orqanları onun Azərbaycana təhvil verilməsi ilə bağlı məsələ qaldıracaq:
“Rusiya onu Azərbaycana təhvil verməyə borcludur. Rusiya onu verəcək, verməyəcək, bu, başqa mövzudur. Ancaq istənilən halda hüquq-mühafizə orqanları tərəfindən müraciət olacaqsa, onu qaytaracaqlar və qaytarmalıdırlar”.
Deputat deyib ki, Rusiyaya və Rusiyadan ekstradisiya məsələlərini tənzimləyən həm ikitərəfli müqavilələr, həm də Azərbaycan və Rusiya üçün tətbiq olunan beynəlxalq konvensiyalar mövcuddur:
“Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında “Məhkəmə-hüquqi yardım və mülki, ailə və cinayət işlərində hüquqi münasibətlər haqqında” müqavilə iki ölkə arasında cinayətkarlıqla bağlı hüquqi yardım və prosedurlar tənzimləyir. Həm Azərbaycan, həm də Rusiya “Ekstradisiya haqqında” Avropa Konvensiyası və onun protokollarına qoşulublar. Azərbaycan Konvensiyaya ratifikasiya əlavələri barədə qərarlar verib. Bu, tərəflər arasında ekstradisiya üçün multilateral mexanizm də yaradır. Konkret ekstradisiya sorğuları hüquqi yardım, konsul konvensiyaları və müvafiq qanunvericilik əsasında icra olunur. Cari işlər üzrə qərarlar isə məhz prokurorluq, ədliyyə orqanları və məhkəmə tərəfindən verilir.
Azərbaycanla Rusiya arasında hüquqi yardım haqqında müqavilələrə və beynəlxalq konvensiyalara görə, Rusiya Abbas Abbasovu Azərbaycana ekstradisiya etməlidir”.

