Baerbock: Getdikcə daha çox ölkə BMT Nizamnaməsinə zidd hərəkət edirbackend

Baerbock: Getdikcə daha çox ölkə BMT Nizamnaməsinə zidd hərəkət edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyasının sədri Annalena Baerbock, Təhlükəsizlik Şurasının üzvləri də daxil olmaqla, getdikcə daha çox ölkənin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozmasından narahatlığını ifadə edib.

Editor.az xəbər verir ki, Baerbockun bu fikirləri Ukrinform tərəfindən yayımlanıb.

Onun sözlərinə görə, BMT Nizamnaməsi “istəyə görə seçilən menyu” deyil və ona əməl etmək bütün üzv dövlətlər üçün məcburidir. Baerbock vurğulayıb ki, suverenlik və ərazi bütövlüyü hüququ qitəsindən və ölçüsündən asılı olmayaraq hər bir üzv dövləti əhatə edir.

Baş Assambleyanın sədri Ukraynadakı münaqişəyə toxunaraq bildirib ki, Avropa artıq dördüncü ildir “mövcudluq xarakterli” bir böhran yaşayır:

“Əgər getdikcə daha çox dövlətin, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvlərinin Nizamnaməni pozmasına göz yumsaq və sadəcə müşahidəçi mövqeyində qalsaq, o zaman dünyada heç bir ölkə özünü təhlükəsiz hiss edə bilməyəcək”.

Qeyd edək ki, daha əvvəl Avropa Parlamenti Danimarkaya qarşı mümkün hərbi müdaxiləni BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirmişdi. Ekspertlər xatırladıblar ki, Danimarka Krallığı, o cümlədən Qrenlandiya NATO üzvüdür və alyansın kollektiv təhlükəsizlik təminatları çərçivəsində qorunur.

Avropa Parlamenti Arktika regionunda təhlükəsizliyin təmin olunmasının vacibliyini xüsusi vurğulayıb. Parlament nümayəndələrinin fikrincə, Danimarka regionun müdafiəsi məqsədilə ABŞ də daxil olmaqla tərəfdaşlarla imzalanmış razılaşmaları dəstəkləyir.

//Gülnarə Abasova, Editor.az