İranın daxili təhlükəsizlik qüvvələrinin rəhbəri, SEPAH generalı Əhməd Rza Radan ölkədə artan narazılıq və mümkün etiraz dalğasına qarşı dəhşətli hədə-qorxu dolu bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, general Radan sosial şəbəkələrdə “təşviş yaradan” hər kəsin dərhal həbs olunacağını və hətta edam edilə biləcəyini vurğulayıb. O, polis və təhlükəsizlik qüvvələrinin ən sərt tədbirlərə əl atacağını bildirərək deyib: “Bizim polis qüvvələrimizin barmağı tətikdədir; küçələrə çıxan istənilən etirazçını yerindəcə güllələməyə hazırıq”.
Radanın bu bəyanatı Tehran və digər iri şəhərlərdə hərbi itkilər və iqtisadi çöküş səbəbindən xalqın küçələrə çıxmaq ehtimalının artdığı bir vaxta təsadüf edir. Analitiklər SEPAH-ın bu çıxışını rejimin daxili çökmə qorxusunun göstəricisi və nümayişləri başlamadan boğmaq cəhdi kimi qiymətləndirirlər. Beynəlxalq insan haqları təşkilatları isə İran rəhbərliyini dinc əhaliyə qarşı silahlı güc tətbiq etməməyə və repressiyaları dayandırmağa çağırıb.

