Tehranın şəhərətrafı ərazisinə endirilən zərbə nəticəsində Mehrabad beynəlxalq hava limanının ərazisində təyyarə yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, bir neçə intensiv zərbədən sonra təyyarəni alov bürüyüb.
“AviaNews”un məlumatına görə, zərbəni İsrail ordusu həyata keçirib.
Məlumata görə, 1975-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvi Hərbi Hava Qüvvələri üçün 12 ədəd işlənmiş “Boeing” alıb və bu təyyarə də onlardan biri olub.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

