Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Hürmüz boğazına hərbi gəmilərin göndərilməsi məsələsini müzakirə edirlər. Bu addım Aİ-nin Aspides dəniz missiyasının səlahiyyətlərinin genişləndirilməsi ilə nəticələnə bilər.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Aİ Xarici İşlər Şurasının iclası ərəfəsində açıqlama verib.
Onun sözlərinə görə, toplantının əsas gündəm mövzularından biri Hürmüz boğazında gəmiçilik təhlükəsizliyinin və boğazın açıq saxlanmasının təmin olunması olacaq.
Kallas bildirib: “Avropa İttifaqının regionda missiyaları və əməliyyatları mövcuddur, o cümlədən Aspides missiyası fəaliyyət göstərir. Nazirlərlə birlikdə bu missiyanın mandatının genişləndirilməsi ehtimalını müzakirə edəcəyik. Əsas sual isə Aİ ölkələrinin bu məqsədlə hərbi gəmilərdən istifadə etmək istəyib-istəməməsidir”.
//Gülnarə Abasova, Editor.az

