Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı dördüncü sanksiyalar paketi çərçivəsində ölkənin enerji sektoruna yeni investisiyaların qoyulmasını və dəbdəbəli məhsulların ixracını qadağan edir.
Editor.az xarici KİV-nə istinadla xəbər verir ki, Avropa İttifaqı Komissiyası Rusiya-Ukrayna müharibəsi səbəbilə üzv ölkələrin qəbul etdikləri yeni sanksiyalar paketinin təfərrüatları ilə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, Rusiyanın müxtəlif sektorlarında, məsələn, hərbi sənayedə dövlət müəssisələri ilə heç bir əməliyyat aparıla bilməz. Rusiyadan dəmir-polad məmulatlarının idxalına qadağa qoyulacaq.
Rusiyanın “əlverişli ölkə” statusu ləğv ediləcək, artıq bu statusdan faydalana bilməyəcək və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü kimi imkanları dayandırılacaq. Sözügedən sanksiyalar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək. Son sanksiyalar paketinə əsasən kürü, içkilər, siqarlar, elektron cihazlar, ətirlər, çantalar, paltolar, kostyumlar, ayaqqabılar, köynəklər, brilyantlar, qızıl və qiymətli daşlar kimi məhsulların Rusiyaya daşınmasının qadağan edilməsi gözlənilir.
Aİ-nın sanksiya siyahısına rusiyalı milyarder Roman Abramoviç də daxil olmaqla 15 nəfər və 9 şirkətin əlavə ediləcəyi, onların aktivlərinin dondurulacağı və səyahət qadağasının tətbiq ediləcəyi gözlənilir.
Aİ Komissiyasının sədri Ursula von der Leyen sosial media hesabında bildirib ki, Aİ-yə üzv dövlətlərin Rusiyaya qarşı dördüncü sanksiyalar paketini sürətlə qəbul etməsini alqışlayır. Von der Leyen bəyan edib ki, bu sanksiyalar Rusiya prezidenti Vladimir Putinin ədalətsiz müharibəni maliyyələşdirmək imkanlarını zəiflədəcək və işğal dayanana qədər Kremlə təzyiq göstərməyə davam edəcəklər.
//Gülnarə Abasova, Editor.az

