Avropa İttifaqı Ukrayna ilə bağlı mümkün sülh danışıqlarında öz maraqlarını qorumaq məqsədilə xüsusi nümayəndənin təyin olunması məsələsini gündəmə gətirib.
Editor.az Politico-ya istinadla xəbər verir ki, Avropa ölkələrinin hökumətləri ABŞ-nin Avropanı prosesdən kənarda qoyaraq Rusiya ilə ayrıca razılaşma əldə edə biləcəyindən narahatdır. Bu səbəbdən onlar Brüsseli Ukrayna üzrə danışıqlarda Aİ-nin maraqlarını təmsil edəcək rəsmi müzakirəçi təyin etməyə çağırırlar.
Müzakirələr barədə birbaşa məlumatı olan üç diplomat və rəsminin bildirdiyinə görə, təşəbbüsü dəstəkləyən ölkələr, o cümlədən, Fransa və İtaliya artıq Avropa Komissiyasının dəstəyini təmin ediblər.
Politico vurğulayır ki, Ukraynanın gələcəkdə NATO-ya üzvlüyü kimi Avropa üçün “qırmızı xətlər”in qorunması yalnız Aİ-nin danışıqlar masasında təmsil olunacağı halda mümkün olacaq.
Brüsseldəki yüksək vəzifəli rəsmilərdən biri nəşrə açıqlamasında bildirib: “Yalnız ABŞ ilə müzakirə edilə bilməyəcək məsələlər var. Bunlar birbaşa avropalıların təhlükəsizliyinə təsir edir. Vaşinqtona göndərilən mesaj Moskva üçün verilən mesaj qədər əhəmiyyətlidir”.
Aİ-nin yüksək rütbəli rəsmisinin təsdiqlədiyinə görə, Avropa liderləri xüsusi nümayəndə təyin olunması ideyasını ilk dəfə 2025-ci ilin martında keçirilən Aİ sammitində müzakirə ediblər. Hazırda bu vəzifənin səlahiyyətləri və əsas istiqamətləri üzərində iş aparılır.
//Gülnarə Abasova, Editor.az

