ABŞ Federal Aviasiya İdarəsi (FAA) Alyaska Hava Yollarına məxsus sərnişin təyyarəsinin havaya qalxdıqdan sonra kabin qapısının qırılmasından sonra 171 Boeing 737 Max 9 tipli sərnişin təyyarəsinin istifadəsinin dayandırıldığını və bu model təyyarələrdə yoxlama aparılacağını açıqlayıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, FAA, ABŞ hava yolları tərəfindən və ya ABŞ ərazisində istismar olunan bəzi Boeing 737 MAX 9 təyyarələrinin müvəqqəti yerə endirilməsi barədə göstəriş verib. O, operatorlardan uçuşa davam etməzdən əvvəl təsirə məruz qalan təyyarələri yoxlamağı tələb edir. Tələb olunan yoxlamalar hər bir təyyarə üçün təxminən dörd-səkkiz saat çəkəcək. Yoxlama dünya üzrə təxminən 171 təyyarəyə təsir edəcək.
FAA Administratoru Mike Whitaker verdiyi açıqlamada: “FAA bəzi Boeing 737 MAX 9 təyyarələrinin uçuşa qayıtmazdan dərhal əvvəl yoxlanılmasını tələb edir. Biz həmçinin Alaska Airlines-ın 1282 saylı uçuşla bağlı təhqiqatına kömək edirik” – deyə, bildirib.
Oreqon ştatının Portlend şəhərindən Kaliforniya ştatının Ontario şəhərinə uçan Alaska Airlines şirkətinə məxsus sərnişin təyyarəsinin kabin qapısı qırılaraq yerə yıxılıb. Hadisənin təyyarənin 4800 metr hündürlükdə olduğu zaman baş verdiyi, qapının yaxınlığındakı oturacaqlarda heç kimin oturmadığı bildirilib.
Qeyd edək ki, hadisədən sonra içərisində 177 nəfərin olduğu təyyarə Portlend hava limanına qayıdıb və təcili eniş edib.
//Səbinə Hüseynli, Ediror.az

