ABŞ Prezidenti Donald Trampın administrasiyası 2026-cı ilin sonuna qədər Havanda mövcud olan hakimiyyəti devirmək məqsədilə Kuba hökumətinin daxilindən şəxslər axtarır.
Editor.az xəbər verir ki, Wall Street Journal qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, bu addımın atılmasına Venesuela Prezidenti Nikolas Maduronun devrilməsi nümunə olub. Mənbələrin sözlərinə görə, ABŞ administrasiyası Kuba iqtisadiyyatını “çökmə həddində” qiymətləndirir və Venesuela kimi strateji müttəfiqin itirilməsindən sonra ölkə hakimiyyəti indiyədək olmadığı qədər zəif və həssas vəziyyətə düşüb.
Qeyd edək ki, 3 yanvar 2026-cı il tarixində ABŞ Venesuelaya hərbi əməliyyata başlayıb. Paytaxt Karakas və Fort Tiuna hərbi bazasında partlayışların baş verdiyi bildirilib. Əməliyyatdan sonra ABŞ Prezidenti Donald Tramp çıxış edərək əməliyyatın uğurla başa çatdığını, Nikolas Maduronun və həyat yoldaşının saxlanıldığını açıqlayıb. O, Maduronun artıq prezident olmadığını və hakimiyyət ötürülənədək Venesuelaya ABŞ tərəfindən nəzarət ediləcəyini vurğulayıb.
Daha sonra, 5 yanvar 2026-cı ildə, Nikolas Maduronun narkotik kartelinə rəhbərlik və digər ağır cinayətlər üzrə məhkəmə prosesi başlayıb. Hazırda o, ömürlük həbs cəzası ilə üz-üzədir.
// Gülnarə Abasova, Editor.az

