“Rusiya və Çin arasındakı yaxınlaşma Ukrayna böhranından sonrakı dövrdə dünyada dəyişən proseslərlə bağlıdır. Burada əsas fərq odur ki, Ukrayna müharibəsinin başladığı dövrdə beynəlxalq müstəvidə təcrid olunan Rusiya Çin kimi bir güclə strateji tərəfdaşlıq etməkdə maraqlı idi. Həmin dövrdə Çinin kollektiv Qərbi dəstəkləməməsi Moskva üçün əhəmiyyətli idi. Bu yaxınlaşmada ilk öncə Rusiya daha aktiv tərəf kimi çıxış etməyə başladı”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, hazırda isə Rusiya ilə yaxınlaşma prosesində daha çox Çin maraqlı tərəf kimi görünür:
“Çünki Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-la müəyyən danışıqlar prosesinə başlayan Rusiya bunun qarşılığında Ukrayna məsələsində istəyinə nail olacaqsa, qlobal müstəvidə ABŞ-Rusiya razılaşması olacaqsa, bunun əvəzində Rusiyaya qarşı sanksiyalar aradan qalxacaqsa, beynəlxalq müstəvidə təcrid olunması sıradan çıxacaqsa, ABŞ-ın Rusiyadan istəkləri olacaq. Onlardan biri də ABŞ-ın Çinə qarşı siyasətində Rusiyanın ən yaxşı halda dəstəyini əldə etmək, ən pis halda neytrallığını təmin etmək olacaq. ABŞ ümumiyyətlə anlayır ki, Avrasiyanın şərq coğrafiyasında iki əsas güc olan Rusiya və Çinin müttəfiqliyinə qarşı tək mübarizə aparmaq çətindir. Xüsusilə nəzərə almaq lazımdır ki, ABŞ-ın müttəfiq hesab etdiyi Avropa İttifaqı ilə də artıq münasibətləri pisləşib. Avropa İttifaqının ABŞ qarşısında mərkəzdənqaçma siyasəti təkcə Trampın siyasətindən qaynaqlanmır, bu, ümumiyyətlə Avropa İttifaqının qlobal proseslərdə güc mərkəzi olmaq planlarından qaynaqlanır. Bu konteksdə ABŞ çalışır ki, Çin və Rusiya ikilisini ayırsın. Çin ABŞ-ın dünyada əsas güc olduğu sistemdə ona qarşı təhlükə yaradır. Bu baxımdan indiki halda Çin Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək prosesini qarşıdakı 5 il müddətində davam etdirməkdə maraqlıdır. Çin bununla Rusiyanın ən azı Çinə qarşı mübarizədə cəbhə almayacağını təmin etməyə çalışır.
Nəzərə almaq lazımdır ki, Çin üçün əsas plan bundan sonrakı dövrdə deaktiv mübarizə aparmaqdan daha çox öz yerləşdiyi coğrafiyada stabilliyi bərpa etmək və iqtisadi güc olmaq istiqamətində planlarını həyata keçirtməkdir. Bu konteksin içinə daha sabit bir dövr lazımdır. Ancaq Tramp administrasiyasının siyasəti fonunda görünür ki, ABŞ Çinlə daha aktiv şəkildə mübarizə aparır. Bu baxımdan münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin qarşıdakı dövrdə ən azından Çin üçün ABŞ-a qarşı Rusiyanın dəstəyini əl etmək imkanı yaradır. Rusiyanın indiki halda Çinlə razılaşması ABŞ-a bir mesajdır. Bilirik ki, Rusiya ilə ABŞ arasında hazırda danışıqlar gedir. Danışıqlara təkcə Ukrayna ilə bağlı deyil, həm də qlobal məsələlər də daxildir. Əgər ABŞ-la danışıqlarda Rusiyanın maraqları nəzərə alınmasa, Moskva ABŞ-ın Çinə qarşı mübarizəsində Pekinin cəbhəsindən çıxış edəcək”.
//Gülnarə Abasova, Editor.az