“Üç il əvvəl Qərbin hərbi-siyasi dairələri tərəfindən ciddi və sonadək dəstək sözü verilən Ukrayna təəssüf ki, yaşadığımız bu günlərdə verilən sözlərin tutulmaması səbəbindən çətin günlərini yaşayır”.
Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, Qərb Ukraynanı Rusiya qarşısında müdafiəsiz qoydu:
“Son günlər Ukrayna üzərindən baş verən proseslər, görüşlər, ABŞ prezidentinin açıqlamaları, artıq “Kollektiv Qərb” anlayışının olmadığını və ya süqut etdiyini göstərir. Artıq qlobal media Rusiya-Ukrayna savaşından daha çox ABŞ-Avropa qarşıdurmasını müzakirə edir. Hadisələrin təhlili deməyə əsas verir ki, Yeni Dünya Nizamında parçalanmış Şimali Atlantika bloku arasındakı rəqabət həlledici olacaq. NATO-nun beyin ölümü keçirdiyini, Avropa ordusu qurulmasının zəruriliyini Fransa prezidenti Emmanuel Makron hələ Ukrayna savaşı başlamadan öncə dilə gətirmişdi. Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında bu fikirləri yenidən gündəmə gətirdi. Avropanın təhlükəsizliyinin Avropa tərəfindən təmin edilməsi fikri ona görə aktuallaşdı ki, bir çox strateqlər ABŞ-nın, günün birində oyun qaydalarını dəyişəcəyini hesablamışdırlar. Elə dünən Almaniyanın məhşur “Bild” qəzeti ABŞ və Rusiya arasında Əl-Riyadda baş tutan görüşdə Amerika qoşunlarının 1990-cı ildən sonra NATO-ya üzv olan ölkələrin ərazisindən çıxarılmasının mümkünlüyü barədə müzakirələrin aparıldığını yazdı. Donald Trampın Ukraynaya qarşı sərt tutumu, ölkənin 500 milyard dollar dəyərində qiymətləndirilən zəngin yeraltı minerallarına çökmək niyyəti Avro-Atlantik məkanı heç də yaxşı günlərin gözləmədiyinin işarəsi sayıla bilər. Qərbin öz qurduğu oyun öz başında çatladı. 1938-ci ildə Münhen Anlaşması ilə Sudet vilayəyətini Almanlara peşkəş edib Çexoslavakiya nümayəndələrini qapı arxasında qoyanlar bu gün özləri qapı arxasında qaldı”.
//Gülnarə Abasova, Editor.az

