ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Belarusun Rusiya ilə taktiki nüvə silahlarına dair saziş imzalamasını pisləyib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Miller gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Rusiyanın Ukrayna ilə müharibəsində bioloji, kimyəvi və ya nüvə silahlarından istifadə etməsinin mənfi nəticələr verəcəyini daha əvvəl qeyd etdiklərini bildirən Miller, nüvə mövqelərinin dəyişdirilməsini zəruri edən heç bir hal və ya Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığını göstərən hər hansı əlamətin olmadığını bildirib.
Onu da qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Hrenin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı sənədləri imzalayıblar.
Hrenin bunun Qərb ölkələrinin “dost olmayan” və “aqressiv” siyasətinə cavab olduğunu vurğulayıb.
//Safura Bənnayeva, Editor.az