ABŞ Müdafiə Nazirliyi Çinin mümkün münaqişənin ilk mərhələsi kimi Sakit Okeanda ABŞ-ın hava limanlarına pilotsuz təyyarələrlə hücum edə biləcəyindən narahatdır.
Editor.az bu barədə “Washington Post” qəzetinə istinadla yazıb.
Oxşar fikri “New American Security” analitik mərkəzinin tədqiqatçısı Steysi Pettijon da bildirib. O qeyd edib ki, ABŞ adətən öz təyyarələrini bir-birinə yaxın saxlayır.
“Çin sursatlarla təchiz olunmuş ballistik raketlərindən kaset döyüş sursatları kimi, eləcə də uzaqdan idarə olunan pilotsuz təyyarələrdən istifadə edə bilər”, -o deyib.
Bu cür hücumlara təkcə hava limanlarının deyil, enerji infrastrukturunun da məruz qala biləcəyi bildirilir.
Hazırda ABŞ və Çin arasında münasibətlərdə gərginlik var. Çinin xarici işlər naziri Vanq Yi bu yaxınlarda ABŞ-ın Çinin qanuni hüquq və maraqlarına zərər vuran bir sıra mənfi tədbirlər gördüyünü bildirib.
ABŞ-ın ticarət naziri Hovard Lutnik iyunun 1-də bildirib ki, Çin ABŞ ilə ticarət sazişi imzalamaqda gecikib. Nazirlik rəhbəri vurğulayıb ki, ölkəsi Çin mallarının istehlakçısıdır və Vaşinqton öz bazarlarını onların üzünə açmasa, Çin iqtisadiyyatı son dərəcə çətin vəziyyətə düşəcək.
//Gülnarə Abasova, Editor.az