“ABŞ-da seçkilərə sayılı günlər qalır, vaxt daraldıqca…”- ŞƏRHbackend

“ABŞ-da seçkilərə sayılı günlər qalır, vaxt daraldıqca…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-da prezident seçkiləri ərəfəsində namizədlərin populist, siyasi konyuktura hesablanmış, heç bir qədir-qiyməti olmayan bəyanatlarını çox görmüşük. Bu qəbildən olan çıxış və bəyanatlar seçkilərdən sonra heç yada da düşmür”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq ABŞ-ın keçmiş prezidentinin hal-hazırda prezidentliyə namizəd Donald Trampın xristian ermənilərin Qarabağdan guya “kütləvi şəkildə və zorla” köçürülməsi ilə bağlı bəyanatına da diqqət çəkib:

“Hesab edirəm ki, bu, yaxınlaşan seçkilərdə ABŞ-da xeyli sayda yaşayan erməni seçicilərin səslərini qazanmaq üçündür. Azərbaycan ordusu 27 sentyabr 2020-ildə əks-hücum əməliyyatı ilə torpaqlarını azad etməyə başlayanda Tramp ABŞ prezidenti idi və heç səsi də çıxmadı. Çünki Azərbaycanın davası haqq davası idi, öz torpaqlarında öz torpaqları uğrunda döyüşürdü. Bir günlük antiterror əməliyyatında da, əvvəlcədən dövlət olaraq bəyan edilib ki, Azərbaycan vətəndaşlığını qəbul etmək şərtilə hər kəsin bu ölkədə azad, sərbəst yaşamaq hüququ var. Lakin Qarabağda yaşan ermənilər son 30 ildə törətdikləri pisliklərin, vəhşiliklərin də utanc ilə Ermənistana getmək qərarına gəldilər. Bu, bütün dünyanın gözü qarşısında televiziya kanallarının canlı yayımla reportajlarla müşayət olunan tarixi faktlardır. Heç kəs o cümlədən, Tramp da bu tarixi faktları görməzdən gələ, qulaqardına vura bilməz.

Tramp zorla köçürülmə, qırmaq, qovmaq kimi insanlıq ayıbı sayılacaq hadisə görmək istəyirsə, ABŞ tarixinə baxsa bəs edər. ABŞ- da seçkilərə sayılı günlər qalır, vaxt daraldıqca müxtəlif dini, siyası, etnik quruları öz tərəflərinə çəkmək üçün namizədlər ağılasığmaz vədlər verəcəklər, amma qeyri-real vədlər onların səslərinə hansı yöndə təsir göstərəcək, onu da zaman göstərəcək. İstənilən halda, bu seçkilərin ABŞ tarixinə skandallarla, şübhə və saxtakarlıqlara düşən bir seçki olacağı şübhəsizdir”.

//Gülnarə Abasova, Editor.az