ABŞ Konqresi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat törədilib. Belə ki, ABŞ konqresinin Erməni İşləri Komitəsinin üzvləri Frenk Fallon, Qus Bilirakis, Ceki Spir, Devid Valdao və Adam Şiff erməni separatçılarının rəhbəri Arayik Arutyunyana təbrik məktubu göndəriblər.
Sözügedən məktubda Azərbaycanla bağlı təxribat və böhtan xarakterli fikirlər yer alıb.
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, belə təxribatçı addımların arxasında Azərbaycanın xarici siyasət prioritetləri dayanır:
“Biz Minsk Qrupundan imtina edirik, Avropa İttifaqı ilə yaxınlaşaraq Brüsseldə danışıqlar aparırıq. Bu da ABŞ- da bəzi qüvvələri, xüsusilə ermənipərəst konqresmenləri qıcıqlandırır. Onlar Qondarma Qarabağ xarici işlər nazirini qəbul etmək fikrindədirlər, Artsax separatçı rejimin rəhbərlərinə təbrik məktubları göndərirlər. Bunların hər biri Azərbaycana qarşı törədilən təxribatların iç tərəfidir. Onların fikrincə, Azərbaycan öz ərazisini azad edibsə, düşünməməlidir ki, Dağlıq Qarabağ probleminə son qoyub. Onlar indiyə qədər minadan həyatını itirən, həlak olan əsgərlərimizdən, mülki əhalidən danışmayıb. Bu məsələ insan haqlarından bəhs edən konqresmenləri narahat etmir. Ancaq onlar indi qondarma separatçı rejim nümayəndələrini qəbul edir, təbriklər göndərir. Düşünmürəm ki, bu bizi narahat etməlidir. Azərbaycanın güclü yaxın müttəfiqləri var. Biz güclü oyunçuyuq sülh sazişi haqqında təkliflərimizi də irəli sürmüşük. Bunu artıq dünya birliyi də bilir. Hesab edirəm ki, Brüsseldə də Azərbaycanın təklifləri, tələbləri kifayət qədər yüksək qiymətləndirilir”.
//Gülnarə Abasova, Editor.az

