“ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin əldə olunması istiqamətində atılan addımları dəstəkləyir, digər tərəfdən isə Ermənistanı intensiv şəkildə silahlandırır”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, ABŞ hücum silahları və Zəngəzurda yerləşdirilən radiolokasiya qurğuları vasitəsi ilə İran ərazisində uçan hava hədəflərini izləməyi planlaşdırır:
” Maraqlısı odur ki, dəfələrlə ABŞ-nin İran sərhədlərində həm Avropa missiyası, həm öz müşavirləri və məsləhətçiləri vasitəsi ilə fəaliyyətlər həyata keçirməsi, Qərbi Zəngəzur ərazisində avadanlıqların yerləşdirilməsi İran tərəfindən görməzdən gəlinir. Ermənistan son zamanlar məhz ABŞ və Qərbdən gələn hərbi dəstək sayəsində Azərbaycana qarşı kifayət qədər təxribatlara yol verib. Bu təxribatlar getdikcə təhlükəli xarakter daşıyır. Təbii ki, Azərbaycan da öz növbəsində Ermənistanda baş verən hadisələri çox dərindən və diqqətlə izləyir. Ermənistanın silahlanması bizdə təəssüf hissi yaratmaqla yanaşı, əlavə ehtiyat tədbirləri görməyə vadar edir. Bu silahlarla hər hansı Azərbaycan əsgərinə zərər gələrsə, həmin silahların kimə məxsus olduğu və harada yerləşməsindən aslı olmayaraq yerindəcə zərərsizləşdiriləcək.
Bütün bunlar Cənubi Qafqaz regionunda sülhün, rifahın, barışın və sabitliyin əldə edilməsinə əngəl törədir. Tərəflərdən birinin daim silahlandırılması Ermənistanın sülhdən geri addımlar atmağına səbəb olur. Çox aydındır ki, Ermənistana dəstək göstərilməsi, Fransa tərəfindən hücum silahlarının verilməsi, ABŞ ordusunun Ermənistanda hərbi təlimlər keçməsi, Ermənistanın daha da aqressivləşməyinə səbəb olur. Düşünürəm ki, beynəlxalq aləmin aparıcı dövlətləri Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını yox, onlara fayda verəcək barışığın olmasını istəyirlər. Lakin unutmamaq da lazımdır ki, dövlətimiz milli maraqlarını daim üstün tutub bundan sonra da belə olacaq”.
//Gülnarə Abasova, Editor.az