“Dünyanın fərqli ölkələrində, sol liberal çevrələrdə çox güclü ermənipərəstlik var.
Çoxları düşünür ki, guya erməni xalqı məzlum xalqdır, soyqırıma məruz qalıb.
Dəqiq faktlarla Ermənistanın haqsız olduğunu nümayiş etdirsək də onu müdafiə etməkdə davam edəcəklər. Bayden administrasiyası da, Amerikada sol liberal qüvvələr çoxluq təşkil edir. İstər-istəməz hakimiyyətdə demokratik partiya olduğu üçün bu cür fikirlərin səsləndirilməsinin şahidi oluruq”.
Bunu Editor.az-a politoloq Turab Rzayev Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar məsələləri üzrə koordinatoru Con Kirbinin brifinq zamanı ABŞ-ın ” Laçın dəhlizinin kommersiya, humanitar və şəxsi avtomobillər üçün bağlanmasından dərin narahat” olduğunu qeyd etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ hər zaman bu cür ortaq açıqlamalar verməyə çalışır:
“Guya həm Azərbaycanın, həm də Ermənistanın mövqeyini nəzərə aldığını göstərir. Azərbaycan bu məsələ ilə bağlı öz dəqiq mövqeyini ortaya qoyaraq alternativ yol təklif edib. Ağdam-Xankəndi yolundan istifadə edərək öz fəaliyyətlərini göstərə bilərdilər. Rəsmi Bakı açıq şəkildə öz etirazı bildirməlidir. Laçın yolunun Azərbaycanın daxili məsələsi olduğu diqqətə çatdırılmalıdır. Amerikanın bu yanaşmasının köklü şəkildə nəyisə dəyişəcəyini düşünmürəm. Bu cür narahatlıqlar çox ifadə olunub. Münaqişənin həlli istiqamətində real faydasını isə görməmişik. Ağ Ev rəsmilərinin sözügedən çıxışlarını çox da ciddi qəbul etmək lazım deyil. Münaqişədə ABŞ hələ də öz neytrallığını saxlayır “.
//Safura Bənnayeva, Editor.az