ABŞ dövlət katibi Marko Rubio Cenevrədə keçirilən danışıqlardan sonra Vaşinqtona yola düşüb. Bir gün əvvəl Cenevrədə ABŞ, Ukrayna və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə Vaşinqtonun münaqişənin həlli üzrə irəli sürdüyü sülh planının müzakirəsi məqsədilə görüşlər baş tutub.
Editor.az CNN-ə istinadən xəbər verir ki, Rubio danışıqları “bu prosesə qoşulduğumuz gündən bəri ən məhsuldar və mənalı görüş” kimi dəyərləndirib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın təqdim etdiyi 28 maddəlik sülh planı həm Ukrayna, həm də Rusiya üçün məqbul şərtlərin formalaşmasına yönəlmiş şəkildə inkişaf etməkdə davam edir.
Məlumata görə, dövlət katibi danışıqların texniki səviyyədə davam etdiriləcəyini və Vaşinqtonun təklif etdiyi plana dair qərarın “çox yaxın vaxtlarda, məqbul müddət ərzində” veriləcəyinə ümid etdiyini bildirib.
ABC News-un məlumatına əsasən, ABŞ nümayəndə heyəti nizamlanma məsələsi ilə bağlı Rusiya tərəfi ilə ayrıca görüş keçirməyə də ümid edir.
//Gülnarə Abasova, Editor.az

