ABŞ emissarı sülh sazişinə Qarabağ şərti qoşdu – GÖZLƏNİLMƏZ GEDİŞbackend

ABŞ emissarı sülh sazişinə Qarabağ şərti qoşdu – GÖZLƏNİLMƏZ GEDİŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonun bölgəyə göndərdiyi nümayəndə sülh sazişinə “Dağlıq Qarabağ da daxil edilməlidir” bildirir; ekspert: “Məqsəd Paşinyanı qorumaqdır…”

“Ermənistanla Azərbaycan arasında davamlı və balanslaşdırılmış sülh sazişinin olması üçün ona Dağlıq Qarabağ da daxil edilməlidir”. “Yeni Müsavat” bildirir ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Luis Bono “Azatutyun”a müsahibəsində “Dağlıq Qarabağın nizamlanma prosesinin bir hissəsi olub-olmayacağı haqda” sualına cavabında belə deyib.

“Davamlı və balanslaşdırılmış sülh sazişinin olması üçün ona Dağlıq Qarabağ da daxil edilməlidir. Və biz buna qərarlıyıq, bunun vacibliyini dərk edirik”, – Dövlət Departamentinin baş müşaviri bildirib. Bono qeyd edib ki, Dağlıq Qarabağ məsələsi sülh prosesinin bir hissəsinə çevriləcək. “Düşünürəm ki, hər iki tərəf bunu etiraf edib. Amma bayaq dediyim kimi, biz burada heç bir razılaşma və ya razılaşmaya şərt qoymaq üçün gəlməmişik. Bu, tərəflər üçün vacibdir. Və biz hər iki tərəflə işləyəcəyik. Qeyd edim ki, prezident Əliyev Münhendə dedi ki, Qarabağ nümayəndələri ilə ünsiyyət qurmaq üçün nümayəndə təyin edəcək. Deyəsən, bu, keçən həftə baş verib. Və onunla apardığım müzakirələrdə o, bu müzakirələri davam etdirməyə hazır olduğunu bildirdi. Ona görə də biz bu istiqamətdə tərəflərlə işləmək imkanlarına nikbin baxırıq. Amma asan olmayacaq. Bu, hər tərəfdən çox gərgin iş və öhdəlik tələb edəcək”, – amerikalı diplomat bildirib.

Məlumdur ki, Ermənistan uzun-uzadı müzakirələrdən sonra sülh sazişində Qarabağla bağlı məsələnin olmayacağına razılaşmışdı. Doğrudur, son aylar yenidən bu istiqamətdə fəallaşma var və Paşinyan hakimiyyəti sülh danışıqlarını yubadacaq bu məsələni yenidən ortaya atmaqla regionda gərginliyi tətikləmək məqsədi güdür. Amerikalı diplomatın Bakıda rəsmi şəxslərlə görüşdə bu mövzuda nələr dediyi məlum deyil. Hər halda, Bakının bu şərti qəbul edəcəyi də real görünmür. Amma ABŞ nümayəndəsi “biz burada heç bir razılaşma və ya razılaşmaya şərt qoymaq üçün gəlməmişik” desə də, bu, faktiki İrəvanın “dəyirmanına su tökmək” anlamına gəlir. Amerika əvvəldən də Qarabağ ermənilərinin təhlükəsizlik məsələsini xüsusi qabardırdı, indi isə faktiki bunun sülh müqaviləsinə daxil edilməsi haqda danışır.

Halbuki Xankəndidəki separatçıların rəhbəri Araik Arutyunyan Qarabağın Azərbaycanın olduğunu etiraf edib. Yəni bu iş daxili məsələdir, Bononun dediyi kimi ola bilməz. Araikin çıxışı isə Ermənistanda birmənalı qarşılanmayıb. Prezident İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levitslə görüşdən sonra mətbuata bəyanatında bildirib ki, Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifləri verib: “Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir”. Yəni Bakı yenilənmiş variantı İrəvana göndərib və cavab gözləməkdədir. Amma sülh təkliflərində hansı müddəalar yer alır. Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Prezident İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında isə bildirib ki, Azərbaycanda milli azlıqların hüquqları konstitusiyamız tərəfindən qorunur. Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlət başçısı əmindir ki, Qarabağda ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”. İrəvan şərt qoşmadığı halda, amerikalı diplomat niyə Qarabağın da sülh sənədinə daxil edilməsini mühüm sayır?
Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Cənubi Qafqazda ABŞ və Rusiyanın geosiyasi maraqları toqquşur: “Azərbaycan və Ermənistan burada bir elementdir. Hazırda anti-Rusiya koalisiyası formalaşıb və ABŞ Paşinyandan alət kimi istifadə etməkdədir. Amerikalılar onun qaş-gözünə vurulub iqtidara gətirməyiblər, Nikolun əli ilə bölgədəki maraqlarını, öz siyasətlərini yürütməyə çalışırlar. Əks təqdirdə, Paşinyan hakimiyyəti itirə bilər. Əslində 44 günlük müharibədən sonra onun hakimiyyətdən gedişi an məsələsi idi, ABŞ onu qorumaqla devrilməsinə mane oldu. Yəni sülh sazişinə də Qarabağ məsələsini daxil etmək səyləri məhz Paşinyanın hakimiyyətini möhkəmləndirmək məqsədi daşıyır. Çünki sülh müqaviləsində Qarabağ olmasa, erməni xalqı Paşinyan iqtidarını devirə bilər”.

Siyasi şərhçi vurğuladı ki, Ermənistanın baş naziri bu gün Rusiya üçün problemdir: “Rusiya və Azərbaycanın bu məsələlərdə mövqeyi üst-üstə düşür. Rusiyanın Ermənistanda təsirləri daha çoxdur, nəinki Qərbin. Ermənistanda rusyönümlü erməni lobbisi fəaldır, ona görə sülh sənədi Rusiyanın nəzarəti altındadır. Bizim üçün münasib olan da Rusiya formatıdır. Rusiya rəsmiləri Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edirlər”.

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, amerikalı diplomatın çıxışı Blinkenin sözlərinə tərs mütənasibdir: “ABŞ dövlət katibi Entoni Blinken Bakının Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı mövqeyini təqdir edir. Münhen müzakirəsində də bu məsələ bir daha dilə gətirildi. Amma Dövlət Departamentinin rəhbərindən fərqli olaraq, qurumun Qafqaz üzrə müşaviri başqa cür danışır. Bəli, sülh müqaviləsində bir müddəa ola bilər – Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təmin edilməsi, bundan başqa heç bir bənd yer ala bilməz. Ola bilsin ki, bu məsələni nəzərdə tutur. Onsuz da Qarabağ Azərbaycanın tərkibində göstərilməklə sülh müqaviləsi imzalanacaq, bunu Avropa İttifaqı da, Rusiya da, ABŞ da qəbul edir. Eləcə də Ermənistan rəsmiləri buna etiraz etmirlər. Spiker Alen Simonyan da bugünlərdə təsdiqlədi ki, Qarabağ sülh sazişində yer almayacaq. Amma fikrimcə, Qarabağ erməniləri məsələsi ola bilər. Sadəcə, sülh sənədinin imzalanmasına qədər həllini tapmalı məsələlər var. Qarabağda əlində silah olan ermənilər qala-qala necə sülh müqaviləsi bağlana bilər? Bono ilk növbədə bu problemi qaldırmalıdır. Sərhədlər dəqiqləşməyib, necə sülh sazişi imzalana bilər? Rusiya Laçın rayonu ilə Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi qoymağımıza qarşı çıxırsa, sülh prosesi irəliləyə bilməz”.

Təhlilçinin sözlərinə görə, ABŞ sülh müqaviləsinin Aİ-nin vasitəsilə imzalanması tərəfdarıdır: “Rusiyasız Cənubi Qafqaz Qərbin hədəfidir. ABŞ sülh sənədi imzalanarkən, Ermənistan hakimiyyətinin xalqın gözündə təslimçi müqaviləyə qol çəkmiş bir iqtidar kimi görünməsini istəmir. Bu halda Moskvanın arzuları reallaşa bilər. Yəni erməni cəmiyyətini ayağa qaldırıb Paşinyana qarşı çevriliş təşkil edəcəklər. Bundan sonra proses pozulacaq, hətta ruslar iqtidara öz adamını gətirsə, həmin şəxs sülh müqaviləsindən imtina edə bilər. Amerika bu gedişatı nəzərə alır. Azərbaycanı isə Ermənistanın daxili böhranı maraqlandırmır, biz beş bəndlik baza prinsiplərini təqdim etmişik, Xankəndi və ətraf rayonlarda olan azsaylı ermənilərlə bağlı mövqeyimiz də dəfələrlə təkrarlanıb…”