“ABŞ senatorunun belə bir çıxışı Amerikanın apardığı vasitəçilik missiyasına ziddir”.
Bunu Editor.az-a politoloq Məhəmməd Əsədullazadə Amerikalı senator Bil Kesidi Azərbaycanın Qarabağı “blokadaya almasını” insanlığa qarşı cinayət kimi qiymətləndirərkən “”Dağlıq Qarabağda” humanitar vəziyyət günü-gündən pisləşir. Azərbaycan “blokada”nı götürməsə, insanlar acından öləcək. Yeməkdən silah kimi istifadə etmək, insanlığa qarşı cinayətdir”, – deyə “Twitter” mikrobloqunda yazdığı fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmin addımlar birtərəfli şəkildə erməni təbliğatına uyğun həyata keçilir və Amerikanın bir çox senatorları 1990-cı illərdəki kimi Azərbaycanı günahlandırmağa çalışırlar:
“Halbuki bütövlükdə Ermənistan özü rəsmi Bakıya qarşı işğalçı və cinayətkar bir siyasət həyata keçirir. Erməni lobbisini təsiri, hətta maliyyəsi ilə yazılan məqalələrdəndir. Erməni lobbisi Azərbaycana qarşı belə fikirlərin yer aldığı məqalələrin dərc edilməsi istiqamətində əməli işlər aparır. Maliyyə vasitələri ilə senatorları öz tərəflərinə çəkirlər”.
Politoloqun fikrincə, baş verənlər Azərbaycana qarşı informasiya müharibəsidir:
“ABŞ hökuməti də bu qəbildən həqiqəti əks etdirməyən informasiyaların yayılmasının qarşısını almalıdırlar. Amerika da çox yaxşı bilir ki, Azərbaycan Qarabağın erməni icmasını blokadada saxlamır, heç bir “humanitar böhran”dan söhbət getmir. Əksinə humanitar yüklərin daşınması üçün alternativ yollar təklif edir. Bununla belə hələ də qərəzli fikirlərin səsləndirilməsi erməni separatizminə dəstək verməkdən ibarətdir. Rəsmi Bakının apardığı uğurlu xarici siyasət nəticəsində onların bu kimi addımları da müsbət nəticələnməyəcək. Azərbaycan erməni təğlibatlarının layiqli cavabını verməkdə davam edəcək”.
//Safura Bənnayeva, Editor.az