ABŞ Ermənistana vaxt qoyur?- “Bu təzyiqlər açıq şəkildə olmalıdır, əks halda…”-ŞƏRHbackend

ABŞ Ermənistana vaxt qoyur?- “Bu təzyiqlər açıq şəkildə olmalıdır, əks halda…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu informasiyaların səhihliyi inandırıcı deyil. Çünki Qərb ölkələrinin Ermənistana təsir etməsi real görünmür. ABŞ və digər ölkələr tərəfindən belə real addımların atılmağı planda olsaydı, elə 30 ildə torpaqlarımızın işğal altında qaldığı müddət ərzində baş tutardı. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi İrəvana hansısa təzyiqin göstərilməsi istiqamətində iş görülərdi. Həmin vaxt heç bir iş görməyən ABŞ-ın indi bu istiqamətdə müsbət addımlar atması real görünmür. Xüsusilə də Ermənistanın məğlub olduğu, Azərbaycanın yeni reallıqlar formalaşdırdığı məqamda bu kimi fəaliyyətin baş tutması inandırıcı deyil”.

Bu fikirləri Editor.az-a Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov erməni mediasında yer alan xəbərdə ABŞ-ın Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantının təsdiq edilməsi üçün təzyiq etməsi haqqında məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, erməni mətbuatında yer alan xəbərlərdə deyildiyi kimi, Ermənistana hansısa təzyiq və təsirlər olursa, bu açıq şəkildə baş verməlidir:

“Bilməliyik ki, ABŞ digər vasitəçilik etmək istəyən tərəflərdən ədalətli, neytral mövqe tutur. Hesab edirəm ki, həmin fikirlərin səsləndirilməsi İrəvanın zaman-zaman Qərb və Rusiya arasında manevr etməsinin növbəti mərhələsidir. Çünki Ermənistan belə manevrlərini hansısa vasitələrlə əsaslandırır. Bu gün Rusiyaya uzun müddət üz çevirməsi faktını yumşaltmağa çalışır. Bunun Xarici İşlər Nazirləri səviyyəsində  aparılan müzakirələrdə də şahid olduq “.

Politoloqun fikrincə, hazırkı məqamda Ermənistan Rusiya ilə münasibətləri mümkün qədər yüngülləşdirməyə cəhd edir:

“Məlumdur ki, rəsmi İrəvan həm də Ukraynadakı müharibənin nəticələrini gözləyirdi. Hazırda Rusiyanın Ukraynadakı mövqeyi o qədər də pis görünmür. Buna görə də Ermənistan çalışır ki, Moskvaya üz çevirmədiyini sübut etsin. Əgər həqiqətən ABŞ və onun rəsmiləri bu məsələlərdə səmimidirlərsə, bunu açıq şəkildə bildirməlidirlər. Əks halda deməli, bu səfərlərin, görüşlərin məqsədi tamamilə fərqlidir”.

//Safura Bənnayeva, Editor.az