ABŞ Ermənistanı silahlandırır: Rəsmi Bakının cavabı nə olacaq?-AÇIQLAMA
“Amerika Birləşmiş Ştatları bütövlükdə Ermənistanın bölgədə hərbiləşdirilməsi layihəsində Rusiyaya əsas əvəzedici qismində çıxış etməyə çalışır”.
Bunu Editor.az-a politoloq Tural İsmayılov Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda ABŞ hökumətinin Ermənistan ordusunun idarəetmə və hərbi təhsil sistemini modernləşdirməyə hazır olduğu ilə bağlı əksini tapan fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ bu istiqamətdə əlindən gələn bütün imkanları ortaya qoyur:
“Daha əvvəl də Amerika Ermənistanla hərbi təlimlər keçirmişdi. Bu dəfə isə rəsmi İrəvanın həm Fransadan silah-sursat almasında, həm də Hindistan tərəfindən silahlandırılmasında da dolayı yolla ABŞ-ın marağı var. Amerikanın burada güddüyü əsas məqsəd isə Ermənistanın tamamilə Rusiya orbitindən çıxarmağa çalışmaqdır”.
Politoloqun fikrincə, Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda Ermənistan vasitəsilə ikinci kiçik “Maydan” proyekti formalaşdırmağı hədəfləyir:
” Amerika-Azərbaycan münasibətləri kontekstində ABŞ-ın bu yanaşaması qəbuledilməzdir.Amerikanın daha əvvəl rəsmi İrəvanla ortaq hərbi təlimləri də Azərbaycanla münasibətlərinin yaxşı olduğu məqamda keçirilmişdi. Müxtəlif diplomatik kanallar vasitəsilə rəsmi Bakı ABŞ-a öz etirazını bildirməlidir. Bütövlükdə Amerikanın imperiaslit tarixi, keçmişi, siyasi münasibətlər sistemi həmişə bu tip ədalətsizliklər fonunda intişar edib”.
//Safura Bənnayeva, Editor.az