Kanada hökumətinin yüksək rütbəli rəsmisi CNN-ə ABŞ-ın G7-nin Ukrayna ilə bağlı bəyanatını imzalamayacağını təsdiqləyib. Daha əvvəl “Bloomberg” mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Rusiyanın Sumiyə hücumunu pisləyən G7-nin bəyanatını təsdiqləməyəcək.
“Hazırda biz buna o qədər də əhəmiyyət vermirik, lakin doğrudur ki, ABŞ Ukrayna ilə bağlı G7-nin digər üzvlərinin razılaşdığı bəyanatı imzalamayacaq”, – telekanalın mənbəsi bildirib.
“Bloomberg”in yazdığı kimi, ABŞ rəsmiləri G7-nin bəyanatı ilə razılaşmağın Vaşinqtonun Moskva ilə danışıqlarına zərər vuracağından ehtiyat edirlər.
Qeyd edək ki, fevralın sonunda ABŞ 2022-ci ildən bəri ilk dəfə olaraq BMT Baş Assambleyasının Rusiyanın Ukrayna münaqişəsindəki hərəkətlərini pisləyən qətnaməni imzalamaqdan imtina edib. CNN xatırladır ki, qətnamənin əleyhinə səsvermə ABŞ və onun uzunmüddətli avropalı müttəfiqləri arasında fikir ayrılığına səbəb olub.
//Samir Qurbanov, Editor.az