Bir neçə ABŞ rəsmisi The New York Times (NYT) qəzetinə bildirib ki, Qəzza zolağında döyüşlərin davam etməsi yalnız mülki şəxslər üçün riskləri artırır və HƏMAS hərəkatını zəiflətmir.
Onların fikrincə, İsrail artıq müharibədə bacardığı hər şeyə nail olub.
ABŞ hərbi rəsmiləri deyirlər ki, İsrail əsgərləri heç vaxt Fələstin qrupunu tamamilə məhv edə bilməyəcək. Bununla belə, İDF onlara ABŞ rəsmilərinin gözlədiyindən qat-qat çox ziyan vurub. Bundan əlavə, İsrail hərbçiləri indi Qəzza zolağının hər yerində sərbəst hərəkət edir, onlar həmçinin Misirdən anklava gedən əsas təchizat yollarını dağıdıblar və ya nəzarətə götürüblər, 14 minə yaxın HƏMAS döyüşçüsü öldürüblər. NYT həmsöhbətləri izah ediblər ki, bu qiymətləndirmə ABŞ rəsmilərinin regiona səfərləri fonunda ortaya çıxıb. Onlar İran və müttəfiqlərinin İsrailə qarşı mümkün hücumlarının qarşısını almaq üçün Qəzza zolağında atəşkəs əldə etməyə çalışırlar. Qəzet danışıqları dəstəkləyənlər arasında Pentaqonun rəhbəri Lloyd Ostinin də adını çəkir.
Eyni zamanda, Baş nazir Benyamin Netanyahunun milli təhlükəsizlik üzrə müşaviri olmuş keçmiş İDF generalı Yaakov Amidror müharibənin davam etdirilməsinin zəruriliyi barədə danışıb. Onun sözlərinə görə, İsrail ordusuna daha bir neçə aylıq gərgin döyüşlər lazımdır, bundan sonra hərbçilər il boyu ayrı-ayrı reydlər keçirməklə HƏMAS-ı tamamilə məhv edə biləcəklər.
//Samir Qurbanov, Editor.az