ABŞ ordusu və donanması hipersəs silahlarını sınaqdan keçirib.
Editor.az “The Warzone” portalın istinadən xəbər verir ki, onların uğurlu olub-olmaması və hansı silahlardan istifadə etdikləri göstərilmir. Pentaqon nümayəndəsinin sözlərinə görə, sınaqlar Floridadakı Cape Canaveral bazasında keçirilib. O, tarixi açıqlamasa da, ehtimal ki, sınaqlar iyulun 25-də baş tutub.
“Bu sınaq operativ hipersəs texnologiyasının inkişafında mühüm mərhələ oldu. Aparat və proqram təminatının performansı ilə bağlı mühüm məlumatlar toplanıb ki, bu da hipersəs silahlarının yerləşdirilməsində gələcək irəliləyişi asanlaşdıracaq”, – deyə hərbi idarədən bildiriblər.
Xatırladaq ki, fevral ayında ABŞ hipersəs silahlarını izləyən peykləri olan raketi orbitə çıxarıb. Mart ayında ABŞ Hərbi Hava Qüvvələri Sakit okeanda AGM-183A ARRW hipersəs qanadlı raketinin uğurlu sınağı haqqında məlumat verib.
İyul ayında Pentaqon ABŞ-ın 2026-cı ildə Almaniyada uzaqmənzilli zərbə sistemləri yerləşdirməyə başlayacağını açıqlamışdı. Söhbət SM-6 zenit raketlərindən, “Tomaqavk” qanadlı raketlərindən və eksperimental hipersəs silahlarından gedir.
//Samir Qurbanov, Editor.az

