“Yaxın və Orta Şərq regionunda gərginlik hər gün daha da artmaqdadır”.
Bunu Editor.az-a politoloq Sultan Zahidov İsrail mətbuatının müxtəlif tərəflərin İsrailə qarşı silahlı münaqişələrə girməsinin qarşısını almaq üçün hazırda İsrail yaxınlığında 15 mindən çox Amerika əsgərinin yerləşdirilməsi və Amerika tərəfinin İsrailə ABŞ Silahlı Qüvvələrinə məxsus iki “Dəmir Qübbə” raketdən müdafiə sistemini verməsinin planlaşdırılması haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, oktyabrın 7-də baş tutan məlum hadisədən sonra İsrail və Fələstin münaqişəsində növbəti eskolasiyanın şahidi oluruq:
“İsrailin hərbi dəniz və hərbi hava qüvvələri Qəzza zolağını bombalayır. İsrailin təqribən 400 minə yaxın quru qoşunları həm Şimalda, həm də Cənubda gözləmə vəziyyətindədir. Cənubdakı quru qoşunlarının hər an Ali Qərargahdan əmr alaraq Qəzza zolağına daxilolma ehtimalı da böyükdür. Digər tərəfdən də həmin eskolasiya səbəbindən silah yarışı baş verir. İsrail ABŞ tərəfindən intensiv formada silahlandırılır. Həm maddi, həm texniki, həm də canlı qüvvə yardımı Amerikanın bu prosesdə İsrailə dəstək verdiyinin göstəricidir. İsrailə rəqib olan ölkələr, Livan, Suriya və s. İran və ya digər regional aktorlar tərəfindən silahlandırılırlar. Bu da təhlükəsizlik dilleması adlanan vəziyyəti yaradır. Yəni bir-birinə rəqib olan tərəflərin sürətli silahlanması halında regional təhdidlər, konfrantasiya və müharibə ehtimalı artmış olur”.
Politoloqun fikrincə, növbəti konfrantasiya geniş rezonans doğura bilər:
“Tarixdə üç böyük Ərəb-İsrail müharibəsi olub. Dördüncü Ərəb-İsrail müharibəsi istisna deyil. Əgər İsrail qoşunları Qəzza zolağına daxil olarsa, Livanda Hizbullah qruplaşmasının və Suriya ordusunun münaqişəyə müdaxilə etmə ehtimalı böyüyür. Digər Ərəb-İsrail müharibələrindən fərqli olaraq bu dəfə İran faktoru da var. Bu gün rəsmi Tehran İsraili təhdid etməklə gündəmə gəlib. Son bəyanatlarda da İsrailə qarşı münaqişəyə daxil olacaqları barədə də məlumat verilmişdi. Əgər bu hal baş verərsə, münaqişənin geniş miqyas alması qaçınılmaz olacaq”.
S. Zahidov müharibənin mənfi tərəflərinin həm Yaxın və Orta Şərq regionunda, həm də qlobal səpgidə özünü göstərəcəyini düşünür:
“İstər dünya iqtisadiyyatına, istərsə də siyasi proseslərə, yaxın və orta şərqdə ölkələrinin mövqelərinə təsir edəcək. Onu da qeyd edim ki, Amerikanın indiki halda müdaxiləsi onun milli maraqlarına xidmət etmir, əksinə o burada isti münasibətlər qurmaq istəyirdi. ABŞ son 10 ildə Yaxın və Orta Şərqdən özünü çəkmək strategiyasını həyata keçirməkdə idi. Əsas diqqəti Uzaq Şərqə Çinə və Rusiyaya yönəltmişdi. Ümumiyyətlə tərəflər arasındakı vəziyyətin gərginləşməsi və genişlənməsi regionda radikallaşmanı, fundamentalizmi yenidən artırmaq ehtimalına malikdir”.
Politoloq xatırladır ki, 2003-cü ildə Amerika İraqa müdaxilə etdikdə regionda anarxiya, xaos , dini təriqətlər arasında münaqişə və radikallaşma geniş vüsət almışdı:
“Eyni ssenarinin yenidən təkrarlanması, yeni terrorçu qruplaşmaların meydana gəlməsi, ümumiyyətlə, bütün regionun ziyan çəkməsi gözləniləndir. Ən rasional addım isə münaqişəni vaxtında deskolasiya etməkdir. Bunun üçün də İsrailin Qəzzaya qoşun göndərməməsi daha münasib olardı. İsrailin HƏMAS-a kifayət qədər cavab zərbələri endirdiyini düşünürəm. Onu da qeyd edim ki, İran münaqişəyə birbaşa daxil olmayacaq. Əvvəl də etdiyi ki, üçüncü tərəflər vasitəsilə münaqişəyə daxil ola bilər. Livan və Suriyanı dəstəkləyərək münaqişədə dolayı yolla iştirak edə bilər. Yaxud da birbaşa İsraili hədəf ala bilər. Belə olan halda isə müharibə daha dağıdıcı olacaq. Qeyri-regional aktorların müdaxiləsi baş tutarsa, bu münaqişənin Üçüncü Dünya müharibəsinə çevrilmə ehtimalı azda olsa var”.
//Safura Bənnayeva, Editor.az

