ABŞ-ın bu qərarı Avropanı HƏRƏKƏTƏ KEÇİRDİ: Yeni ordu qurulurbackend

ABŞ-ın bu qərarı Avropanı HƏRƏKƏTƏ KEÇİRDİ: Yeni ordu qurulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Əfqanıstandan çəkilməsinin nəticəsi davam edir. NATO müttəfiqləri Amerikanın “əbədi müharibələri” olmadan gələcəyə hazırlaşırlar. Çünki Əfqanıstan təkcə ABŞ-ın deyil, həm də müttəfiqlərinin 20 illik müharibəsi idi.

Bununla bağlı ən təəccüblü açıqlama Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles tərəfindən edilib və o, ABŞ-ın Əfqanıstandan çıxmasından sonra artıq super güc olmadığını iddia edib.

Keçmiş ABŞ prezidenti Corc Buşun 2001-ci ilin oktyabrında “Əl-Qaidə” və “Taliban”a qarşı hava zərbələri elan edərkən dediyi kimi, ABŞ-ın Əfqanıstandakı missiyasının arxasında “dünyanın ümumi iradəsi” dayanırdı. 11 sentyabr hücumlarından sonra NATO tarixində yalnız bir dəfə ümumi müdafiə maddəsi olan 5-ci maddəni gündəmə gətirdi. 51-dən çox NATO üzvü və tərəfdaş ölkə Əfqanıstana ümumilikdə 130 min əsgər göndərdi.

NATO-nun döyüş missiyası 2014-cü ildə başa çatdı, lakin koalisiya qoşunları Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim və məsləhət vermək üçün qaldı. Bəzi ölkələr müharibənin sonrakı illərində hərbi mövcudluğunu dayandırdı. Əfqanıstanda öldürülən təxminən 3500 əsgərdən 1145-i müttəfiq qüvvələrə aid idi.

ABŞ Donald Trampdan başlayaraq Co Baydenlə davam edən Əfqanıstandan çıxma planına aydınlıq gətirdi. Lakin Əfqanıstan hökumətinin çökməsi və “Taliban”ın idarəçiliyi çox sürətli ələ keçirməsi prosesi xaosa çevirdi. Ölkədən çəkilmə zamanı törədilən terror hücumu koalisiya tərəfdaşlarını aciz duruma düşürdü. Bəzi ölkələr Kabil Hava Limanı ətrafındakı vəziyyət pisləşdikcə əməkdaşlarını və əfqan ortaqlarını təxliyə etməkdə çətinlik çəkdi. 20 ilin – itirilən həyatların və xərclənən milyardların ardından uğurdan daha çox uğursuzluq oldu. Çünki vəziyyət 20 il əvvələ gedib çıxdı və taliblərdən xilas edilmək üçün girdikləri ölkə yenidən taliblərə verildi. Üstəlik, onların istədikləri zaman içərisində və milyardlarla dollarlıq silah, pul onlara qoyularaq.

ABŞ-ı günahlandırdılar

Bu, London, Berlin və Brüsseldə müttəfiq liderlərə və ABŞ-a qarşı ittihamlara səbəb oldu. Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey parlamentdə çıxış edərkən bu məsələlərə belə reaksiya göstərdi: “Əfqanıstan hökuməti haqqında anlayışımız bu qədər kasad idimi? Bu sahədəki biliklərimiz bu qədər qeyri-kafi idimi? Yoxsa sadəcə ABŞ-ı izləməli olduğumuzu düşündük?”

Bəzi NATO üzvləri, xüsusən İngiltərə ABŞ-ın Əfqanıstanda qeyri-müəyyən şəkildə iştirak etməsinin tərəfdarı olsa da, reaksiyaların əsas məqsədi Amerikanın geri çəkilmə qrafiki ilə bağlı koalisiya müttəfiqləri ilə nə qədər yaxından məsləhətləşdiyi idi. Bu, NATO alyansını, xüsusən də Donald Tramp dövründə illərlə davam edən bir müzakirəni yenidən canlandırdı: Britaniya və Avropa təhlükəsizlik baxımından ABŞ-dan çox asılıdırmı? ABŞ-ın prioritetlərinin dəyişməsi nəticədə bu balanssızlığın düzəldilməsini tələb edəcəkmi?

Müttəfiqlər deyirlər ki, ABŞ Əfqanıstanla əlaqə qurub, amma məsləhətləşməyib. Amerika dövlət katibi Entoni Blinkenlə Brüsseldə görüşən NATO baş katibi Yens Stoltenberq “Əfqanıstana birlikdə getdik, mövqeyimizi birlikdə qurduq və birlikdə ayrılmaq üçün birləşdik” – deyə bildirib.

NATO hökumətlərinin ABŞ gedəndən sonra Əfqanıstanda qalma imkanları yox idi. Özəl olaraq, diplomatlar tam məsləhətləşmədiklərindən şikayətləndilər və ya ABŞ-ın planları ilə bağlı şübhələrini ifadə etdilər. Ancaq Amerika qərarını verdikdən sonra qurudakı təxminən 7 min amerikalı olmayan NATO qüvvələri üçün də qərar verildi.

ABŞ-dan asılılıq

Bir çox NATO ölkəsi Əfqanıstandakı öhdəliklərini kəskin şəkildə azaltsa da, onlar da qarışıqlığı miras aldılar və ABŞ ordusunun geri çəkilməsinin uğursuzluğunu qəbul etdilər. Bununla da onların son nəticəyə təsir imkanlarının məhdud olduğu anlaşıldı.

Amerika Universitetinin Beynəlxalq Xidmət Məktəbinin baş müəllimi Qarret Martin qeyd edib ki, “Əfqanıstan hadisəsi müttəfiqlərin ABŞ-dan asılılıq dərəcəsini açıq şəkildə ortaya qoydu. Amerika bitdiyinə qərar verdikdən sonra oyunun sona çatdığını qəbul etməlidirlər”.

Müttəfiqlərin ABŞ-dan xəyal qırıqlığı köhnə inamsızlığa və yeni siyasi gərginliyə işarədir. G7-nin son toplantısında Avropa liderləri ABŞ-ı qoşunları çıxarmaq üçün 31 avqust tarixini uzatmağa məcbur etdilər. Lakin Amerika qərarını dəyişmədi. İndi ABŞ və müttəfiqləri insanların 31 avqustdan sonra ayrılmağa davam etməsinə icazə vermək üçün “Taliban” qruplaşmasına güvənirlər.

Çıxış təcrübəsi həm də müttəfiqlərin Əfqanıstandakı vəziyyətə nə qədər az nəzarət etdiyini göstərdi. Obama idarəçiliyindən bu yana ABŞ sonsuza qədər davam edəcək müharibələrə olan iştahını itirdiyini açıq şəkildə ifadə etdi. Ancaq Tramp administrasiyasının “Öncə Amerika” siyasəti və bəzən Aİ və NATO-ya qarşı açıq düşmənçilik Avropanın ABŞ-a etibar edə bilməyəcəyi qorxusunu artırdı.

Yenidən Avropa ordusu

Müttəfiqləri ABŞ-ın prioritetləri arasında haraya uyğun olduqlarını düşünürlər. Əfqanıstan NATO ittifaqını dəyişdirəcəkmi? Vəziyyət son dərəcə mürəkkəbdir. Əfqanıstan NATO-da yeni fay xətləri açdı, amma yəqin ki, onu tamamilə parçalayan şey olmayacaq. Təhlükəsizliyini ABŞ ətrafında quran NATO müttəfiqləri üçün Birləşmiş Ştatların prioritetlərinin dəyişdiyini nəzərə almamaq getdikcə çətinləşir. ABŞ-ın Çinə diqqət yönəltməsi xarici siyasətinin oxunu demək olar ki, dəyişdi. Əfqanıstan müttəfiqlərinin çoxunun Amerikadan asılı olduğunu açıq şəkildə bildirdi. Bu, avropalıların indi bu asılılıqdan qurtulub öz təhlükəsizliyinə sərmayə qoymalı və bunun üzərində qurulub-qurulmaması sualına səbəb oldu. Tramp dövründə Fransa Prezidenti Emmanuel Makron “Avropa ordusu” üçün hərəkətə keçdi. İndi isə Əfqanıstan bu istiqamətdə yeni müzakirəyə təkan verib.

Əfqanıstanla bağlı gərginlik hələ də davam edir. ABŞ Əfqanıstanı tərk edəcəyini söylədi və etdi. Qarşıdakı dövr Aİ-nin bundan sonra necə bir yolla davam edəcəyi ilə bağlıdır.

Avropada siyasi təsir qorxusu

Avropa Əfqanıstandan çəkilmənin təsirini ABŞ-dan daha ağır hiss edə bilər. Çünki Avropa liderləri əfqan mühacir axınını qəbul etmək istəmirlər. Minlərlə insanın Suriya, Yaxın Şərq və Şimali Afrikadan qayıqla Avropaya qaçdığı 2015-ci il qaçqın böhranı nəticəsində baş verənlər hələ də xatırlanır. Qaçqın böhranının idarə olunmamasına verilən siyasi cavab Qərbi Avropada sağçı və millətçi partiyaların artmasına səbəb oldu. Bu partiyalardan bəzilərinin dəstəyi azalsa da, Almaniyada və gələn il Fransada keçiriləcək seçkilər narahatlığı daha da artırıb. “Fransa bir mühacir dalğasını gözləməli və özünü qorumalıdır” deyən Makron ilk işarələri verib.

Publika.az