ABŞ-ın gizli “sülh planı” ifşa olundu: Yaxın Şərqdə müharibə daha da alovlana bilərbackend

ABŞ-ın gizli “sülh planı” ifşa olundu: Yaxın Şərqdə müharibə daha da alovlana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə ABŞ-ın İranla bağlı irəli sürdüyü iddia edilən sülh təşəbbüsü beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Regionda baş verən proseslər, xüsusilə də enerji marşrutları və təhlükəsizlik məsələləri fonunda bu cür planların nə dərəcədə real və effektiv olduğu sual doğurur. Mövzu ilə bağlı politoloq Fəqani Məhərrəmli Editor.az-a münasibət bildirib.

Politoloq Fəqani Məhərrəmli hesab edir ki, ABŞ, İsrail və İran arasında təxminən bir aya yaxındır davam edən qarşıdurmanın yaxın müddətdə hər hansı sülh planı əsasında başa çatacağı ilə bağlı yayılan məlumatlar inandırıcı görünmür:

“Uzun illər davam edən gərginliyin açıq müharibə mərhələsinə keçəcəyi nə qədər gözlənilən idisə, bu qarşıdurmanın daha da genişlənəcəyi və şiddətlənəcəyi də eyni dərəcədə ehtimal olunandır. Doğrudur, son günlər ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner tərəfindən hazırlandığı deyilən 15 maddəlik sülh planı müzakirə olunur. Hətta bəzi məlumatlara görə, danışıqlarda İranı parlament sədri Qalibaf təmsil edir. Lakin rəsmi Tehran bu iddiaları nə təsdiqləyir, nə də ciddi qəbul edir, əksinə, bu məlumatları təkzib edir. İranda belə hesab olunur ki, ABŞ-ın irəli sürdüyü sülh təşəbbüsü daha çox vaxt qazanmağa və beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş taktiki addımdır. Digər tərəfdən, İran da müharibənin dayandırılması üçün qarşı tərəfin məğlubiyyətini ehtiva edən şərtlər irəli sürür.

Qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən qısa müddət sonra da sülh danışıqları gündəmə gəlmişdi. Lakin artıq beş ilə yaxındır ki, münaqişə davam edir və sülh perspektivi arxa plana keçib. İran ətrafında baş verən proseslər isə daha mürəkkəb və çoxşaxəlidir. Bu baxımdan, yaxın perspektivdə müharibənin başa çatacağı ilə bağlı proqnozlar daha çox illüziya xarakteri daşıyır”.

Politoloqun fikrincə, beynəlxalq nüfuzlu media qurumlarında Səudiyyə Ərəbistanı və BƏƏ-nin də mümkün şəkildə münaqişəyə cəlb olunacağı barədə yayılan xəbərlər reallıqdan uzaq deyil:

“Yaxın Şərqdə məzhəb və geosiyasi ziddiyyətlər uzun illərdir ki, münasibətlərin hərbi müstəvidə həllinə zəmin yaradır. Bu reallığı nəzərə alsaq, müəyyən mərhələdə ABŞ-İsrail və İran qarşıdurmasının körfəz ölkələrinin də iştirakı ilə daha geniş və daha kəskin fazaya keçməsi istisna olunmur”.

//Gülnarə Abasova, Editor.az